Xocavənd, Şuşa və Ağdamda aşkarlanmış kütləvi məzarlıqlar azərbaycanlılara qarşı həyata keçirilmiş erməni vəhşiliyinin növbəti təzahürüdür.

QHT.az bildirir ki,  bu barədə AZƏRTAC-a açıqlamasında siyasi ekspert Vüsalə Hüseynli bildirib.

O qeyd edib ki, Ağdam rayonundan öncə də bu kimi məzarlıqların aşkarlanması hallarına rast gəlib, lakin təəssüf ki, bu faktlarla bağlı beynəlxalq ictimaiyyətin hər hansı ciddi reaksiyasını görmürük. Bu isə ona işarə edir ki, belə vəhşilikləri görməzdən gələnlər, ermənilərdən geosiyasi alət kimi faydalananlar da məsuliyyət daşıyırlar.

“Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və taleyinə aydınlıq gətirilməyən vətəndaşlarımızla bağlı araşdırma işləri davam etsə də, bu istiqamətdə hələ ki, konkretlik əldə edə bilməmişik. Bu proses çərçivəsində erməni vəhşiliyinin qurbanı olan vətəndaşlarımızın kütləvi məzarlıqlarının ard-arda aşkarlanması bir çox suallara işıq salmış olur. Bu mənada, tapılan məzarlıqlarla bağlı beynəlxalq sistemdə işlərimizi davam etdirməliyik”, - deyə ekspert vurğulayıb.