Bu gün sizinlə bir sıra vacib və aktual mövzular ətrafında müzakirə aparacayıq. QHT.az "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəylidən ailə strukturlarının inkişafı, uşaqların təhsili və texnologiyanın ailə həyatına təsiri ilə bağlı dərin biliklərindən faydalanacayıq. Müsahibəmizin mövzuları arasında müasir və ənənəvi ailə quruluşlarının müqayisəsi, ailələrin uşaqların təhsilində rolu və bu rolu gücləndirmək üçün nələr edilə biləcəyi, həmçinin texnologiyanın ailə ünsiyyətinə təsiri kimi məsələlər yer alır.

 

QHT.az: Müasir ailə quruluşunun ənənəvi ailə quruluşu ilə müqayisədə üstünlükləri və çatışmazlıqları hansılardır?

 

Fatimə Hacıbəyli: Ailə bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemlərindən hesab edilir. Bu baxımdan, ailə anlayışına olan maraq daimi və kütləvi xarakter daşıyır. Ailə- daxili münasibətləri təhlil etmək üçün ilk növbədə bu münasibətlərin psixoloji mahiyyətini, ona təsir edən amilləri araşdırmaq lazımdı.
Ailə cəmiyyətdə formalaşır və onun başlıca özəyini təşkil edir. Ailənin ümumi sosioloji inkişaf qanuna- uyğunluqları da məhz cəmiyyətlə bağlıdır. Ailə ictimai tarixi hadisədir. Ailə münasibətləri cəmiyyətdə bərqərar olmuş ictimai münasibətlərlə şərtlənir. Ailə – cəmiyyətin təməl bir vahididir.
Ailə, ailədaxili münasibətlər problemi bütün dövrlərdə müxtəlif ölkələrdə, müxtəlif ixtisas sahiblərinin daim diqqət mərkəzində olan problemlərdəndir. Bu, təsadüfi deyildir. Çünki ailə cəmiyyətin əsası kimi çox vacib olan bir sıra sosial funksiyaları həyata keçirir. Həmin funksiyaların yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməsi cəmiyyətin özünün mövcudluğu üçün böyük təhlükələr yaradır. Bu funksiyaların yerinə yetirilməsi nəinki iqtisadi, sosial-demo qrafik, etik, hüquqi, pedaqoji, həm də psixoloji əsaslara istinad edir. 
Ailə- daxili münasibətlərin öyrənilməsi zamanı nəzərə almaq lazımdır ki, burda bütün cəmiyyətlər üçün həm ümumi, həm də xüsusi olan vacib məqamlar vardır.
Ailədə qarşılıqlı münasibətlərə xələl gətirən amillər:
iqtisadi amil – işsizlik, həyat səviyyəsinin yoxsulluq həddindən aşağı olması;
asosial amil – ailənin və ya onun bir üzvünün qeyri-sağlam həyat sürməsi;
psixoloji amil – ailədə zorakılıq, aqresivlik, hədsiz qısqanclıq və s.;
tibbi amil – xroniki zöhrəvi və infeksiyalı xəstəlik, psixi və seksual pozuntu;
pedaqoji amil – mənəvi dəyərlərdə dünya görüşü, uşaqların tərbiyəsinə münasibət və s.

 

QHT.az: Uşaqların təhsilində ailələrin rolu nədir? Ailənin təhsilə töhfəsini artırmaq üçün nə etmək olar?

 

Fatimə Hacıbəyli: Aparılan araşdırmalar xoşbəxt ailə mühitində böyüyən uşaqların, məktəb mühitində daha müvəffəqiyyətli olduqlarını göstərmişdir. Uşağın məktəb müvəffəqiyyətinin səbəbi ailə mühitinin sağlam olmasıdır. Uşaqların həbs olduğu bina evlərindəki həyatı, küçələr, çoxlu şəhərlər, azalan yaşıl təbiət və uşağın üzərində olan nəzarət və stress sağlam böyüməsinin qarşısını alır. Uşaq təhsilində ailənin rolu danılmazdır. Gün keçdikcə, ailədaxili təhsilin rolu və dəyəri daha da anlaşılır. Ailədə daxili və xarici münasibətlər normal və uyğundursa, uşaq üçün möhtəşəm bir təhsil mühitidir. Düzgün və sakit, sağlam ünsiyyət mühiti olan bir ailə uşaqların təhsili və inkişafı üçün bənzərsiz bir məktəbdir. Bəzi ailələr daxili və xarici problemlər səbəbindən düzgün təhsil şəraiti yarada bilmirlər. Daxili səbəblərdən ən önəmi ailədaxili münaqişə və ünsiyyət əksikliyidir.Cəmiyyətdə mövqe tutan düz və səhv, yaxşı və pis cəhətlər də ailə süzgəcindən keçərək, fərdin idrakına çatdırıla bilər. Beləliklə, ailə uşağın təhsilində ilk və ən mühüm rolu ifa etməkdədir.

 

QHT.az: Texnologiyanın ailə ünsiyyətinə təsiri haqqında nə düşünürsünüz?

 

Fatimə Hacıbəyli: Mən əminəm ki, indiki dövrün uşaqlarının texnologiya istifadəsində bizim 20-ci illərin əvvəllərində olduğumuzdan daha mahir olduqlarını  hamımız dərk etmişik. Mən də eyni şeyi yaşamışam. İstər inanın, istər inanmayın, lakin gənclər və uşaqlar arasında texnologiya döngüsünün mənmimsənilməsi heç vaxt olmadığı kimi yüksələcəkdir.

Texnologiya bu günlərdə həm uşaqlar, həm də böyüklər üçün ünsiyyətin, ictimailəşmənin, yaşamın yeganə mənbəyinə çevrilib. Bundan əlavə, valideynlər adətən uşaqlarına təsir göstərən şeylərə görə narahatlıq hiss keçirirlər. Çünki hər şeyin ifrat dərəcədə olması pisdir; məncə hərkəs həyatında bu klişeni ən azı bir dəfə eşidib. Hər şeydən əvvəl, valideynlərin vəzifəsi uşaqlarının yeni şeylərlə qarşılıqlı əlaqəsinə diqqət yetirməkdir.
Valideynlər bütün varlıqları ilə maddi və mənəvi olaraq uşaqlarının yanında olmalı, onlarla vaxt keçirməli, onlara xüsusi vaxt ayırmalıdırlar. Üstəlik, uşaqlarla keçirilən bu vaxtın kəmiyyəti yox, keyfiyyəti vacibdir. Gəlin, uşaqları daxili dünyalarını öz valideynləri ilə bölüşmək imkanından məhrum etməyək. Əks halda, bu boşluğu dolduran “pleysteyşn”lər, kompyuter oyunları bizə bizim arzuladığımız nəslin formalaşmasına kömək etməyəcək.

 

Pərvanə Fərhadqızı

QHT.az