Alimlər ilk dəfə olaraq Yer mantiyasında – Yer qabığının altındakı dərin təbəqədə baş verən “qeyri-mümkün” sayılan zəlzələlərin qlobal xəritəsini hazırlayıblar. Science jurnalında dərc olunan araşdırma göstərir ki, bu hadisələr təkcə ayrı-ayrı bölgələrdə deyil, dünyanın müxtəlif yerlərində baş verir.

QHT.az xəbər verir ki, əvvəllər mantiyanın elastik quruluşa malik olduğu və burada qəfil qırılmaların mümkün olmadığı düşünülürdü. Lakin alimlər Moho sərhədindən (təxminən 35 km dərinlikdən) aşağıda titrəmələrin olduğunu müəyyən ediblər. Stanford University alimlərinin hazırladığı yeni metod sayəsində 1990-cı ildən qeydə alınmış 46 mindən çox hadisə arasından 459 mantiya zəlzələsi təsdiqlənib. Bu zəlzələlər Alp və Himalay dağları, Şərqi Afrika, ABŞ-ın qərbi və Berinq dənizi kimi müxtəlif bölgələrdə müşahidə olunub.

Tədqiqat dərin seysmik proseslərin mexanizmini daha yaxşı anlamağa və zəlzələlər barədə ümumi bilikləri genişləndirməyə imkan yaradır.

 

R.İmanov