Emin Rzayev
MG Consulting MMC-nin vəkili

 

27 dekabr 2022-ci ildə “Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir. Qanun dövlət-özəl əməkdaşlığının yeni mexanizmini müəyyən etmişdir və “Dövlət satınalmaları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları bu Qanunla tənzimlənən münasibətlərə şamil edilmir. Əksər QHT-lər Qanunun təsir dairəsindən kənarda qalacaqlar. Lakin, maliyyə imkanları və resurları geniş QHT-lər və QHT ekspertləri Qanundan yararlana bilərlər. Qanunda ayrıca olaraq vətəndaş cəmiyyəti və ya QHT sektorunun adı qeyd edilməmişdir və müəyyən edilmiş tələblərə əsasən belə qənaətə gəlmək olar ki, bu Qanun əsasən biznes yönümlü fəaliyyət göstərmək və gəlir əldə etmək istəyən fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulmuşdur. Belə ki:

Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət-özəl tərəfdaşlığı – dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair bu Qanuna uyğun olaraq bağlanılan müqaviləyə əsaslanan dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyətidir.
 
1.1.2-ci maddəyə əsasən dövlət-özəl tərəfdaşlığı layihəsi – ümumi dəyəri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdən yuxarı olan dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsinə yönəlmiş təşkilati, hüquqi, elmi, texnoloji və iqtisadi tədbirlərin məcmusudur. 

Qanuna əsasən iddiaçı – dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün keçirilən müsabiqədə və ya birbaşa danışıqlarda iştirak edən və ya özəl təşəbbüs irəli sürən fiziki və ya hüquqi şəxsdir. (maddə 1.1.4).

Eyni zamanda:

özəl tərəfdaş – dövlət tərəfdaşı ilə dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlayan, müsabiqə və ya birbaşa danışıqlar əsasında dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün seçilmiş fiziki və ya hüquqi şəxsdir.

layihə şirkəti – dövlət-özəl tərəfdaşlığı layihəsinin icrasını təmin etmək məqsədilə özəl tərəfdaş tərəfindən yaradılan hüquqi şəxsdir.

Qanunun 11-ci maddəsinə əsasən dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsində iştirak etmək üçün iddiaçılara dair tələblər aşağıdakılar nəzərə alınmaqla dövlət-özəl tərəfdaşlığı qaydaları ilə müəyyən edilir:

-iddiaçı müvafiq fəaliyyət və ya oxşar layihələrin icrası sahəsində təcrübəyə malik olmalı;
-iddiaçı dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün maliyyə resurslarına və (və ya) həmin maliyyə resurslarını cəlb etmək imkanına malik olmalı;
-iddiaçı maddi və (və ya) qeyri-maddi aktivlərə və ya həmin aktivlərin cəlb edilməsi imkanına malik olmalı;
-iddiaçı idarəetmə imkanlarına, bilik, innovasiyaya və texnologiyalara və ya onların hazırlanması və ya cəlb edilməsi imkanlarına malik olmalı;
-fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvlərinin korrupsiya, dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsi və ya onlar barəsində cinayət-hüquqi tədbirlərin tətbiq olunması faktı olmamalı;
-fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvləri barəsində beynəlxalq sanksiyalar mövcud olmamalı, habelə vətəndaşı və ya rezidenti olduğu ölkədə həmin şəxsin dövlət-özəl tərəfdaşlığı layihəsində iştirakını məhdudlaşdıran və ya qadağan edən məhdudiyyətlər tətbiq edilməməli;
-fiziki şəxsin, hüquqi şəxsin, onun təsisçisinin, iştirakçısının, benefisiar mülkiyyətçisinin, qanuni təmsilçisinin və ya icra orqanlarının üzvləri barəsində dövlət-özəl tərəfdaşlığı layihəsində nəzərdə tutulan fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qoyulan məhdudiyyət və ya qadağa olmamalı;
-iddiaçı barəsində onun iflası haqqında icraat, hüquqi şəxs olduğu təqdirdə isə həmçinin ləğvi haqqında icraat olmamalıdır.

Qanunun 11.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri ilə nəzərdə tutulduğu və ya dövlət təhlükəsizliyi baxımından müəyyən xarici iddiaçıların və ya müəyyən ölkələrdən (o cümlədən Azərbaycan Respublikasının diplomatik əlaqələri olmadığı ölkələrdən) olan xarici iddiaçıların müsabiqədə iştirak etməsinə, özəl təşəbbüs qaydasında təklif verməsinə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi üzrə birbaşa danışıqlarda iştirak etməsinə məhdudiyyətlər qoyula bilər. Səlahiyyətli orqan belə məhdudiyyətin müəyyən olunduğunu müsabiqənin şərtlər toplusunda və müsabiqə barədə elanda göstərməlidir.

Qanunda dövlət-özəl əməkdaşlığına dair layihələrlə bağlı müsabiqə keçirilmək və nəticədə müqavilə bağlamaq və ya müsabiqə keçirilmədən birbaşa danışıqlar əsasında müqavilə bağlamaq mexanizmi müəyyən edilmişdir.

Qanunun 20.7-ci maddəsinə əsasən səlahiyyətli orqan layihə şirkətində dövlət tərəfdaşının iştirakı (nizamnamə kapitalının 49 faizindən çox olmamaq şərtilə) barədə qərar qəbul edə bilər. Qanunun 25.1-ci maddəsinə əsasən dövlət-özəl tərəfdaşlığı layihəsinə “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar şamil edilir.