Bugünkü dövrdə gənclərin daha çox humanitar sahələrə yönəldiyi müşahidə olunur. Halbuki, müasir dünyada inkişafı şərtləndirən əsas sahələr sənaye, informasiya texnologiyaları, mühəndislik, tibb və analitik düşüncə tələb edən ixtisaslardır. Bu baxımdan Azərbaycanda mövcud potensialın düzgün istiqamətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Cəmiyyətin İnkişafı Mərkəzinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında bildirib ki, dövlət proqramı bu boşluğu aradan qaldırmaq üçün mühüm fürsət yaradır. Onun sözlərinə görə, proqram gənclərin daha çox texniki və dəqiq elmlərə yönəlməsi, peşəkar kadrların hazırlanması baxımından geniş perspektiv açır.
Ə.Abbasbəyli qeyd edib ki, bu təşəbbüs yalnız fərdi inkişaf baxımından deyil, həm də ölkənin iqtisadi və texnoloji tərəqqisi üçün mühüm rol oynayır. Onun fikrincə, yeni ixtisaslar üzrə kadrların hazırlanması gələcəkdə innovativ yanaşmaların tətbiqinə və istehsal sahələrinin genişlənməsinə töhfə verəcək.
“İstənilən sahədə, istənilən fəaliyyətdə müəyyən risklər və qüsurlar olduğu kimi, hesab edirəm ki, bu sahədə də müəyyən risklər və çatışmazlıqlar var. Birincisi, bu sənəddə mütləq tələb kimi xarici dil biliklərinin Avropa standartlarına uyğunluğu – TOEFL və digər sertifikatların təqdim olunması nəzərdə tutulur. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda da ingilis dilində təhsil verən bir sıra ali və orta təhsil müəssisələri fəaliyyət göstərir. Məsələn, İngiltərədə orta və ya bakalavr təhsili almış şəxsdən əlavə olaraq hansısa sertifikat tələb olunması müəyyən çətinlik yaradır. Əgər biz öz təhsil müəssisələrimizə inanırıqsa, həmin məzunlara da bu cür imkanlar yaradılmalıdır. Əks halda, əlavə sənədlərin tələb olunması həm təhsil müəssisələrimizin nüfuzuna, həm də məzunların bilik və bacarıqlarına yuxarıdan aşağı baxılması kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bu məsələ ilə bağlı ölkədə ingilis dilində təhsil verən orta və ali məktəblərin məzunları üçün ayrıca bir bəndin əlavə olunması daha məqsədəuyğun olardı”, – deyə o qeyd edib.
Zəhra Ağayeva






