22 yaşı vardı şəhid olanda.Yaşasaydı bu gün 52 yaşı olacaqdı.O, ailənin yeganə övladı idi.Bakı Dövlət Universitetinin tələbəsi idi.Cəbhəyə gedəndə anasına deməmişdi.Bir həftə sonra Qalibə xanım çətinliklə tapmışdı Tahirin yerini.
"Qayıt" deyəndə cavabı bu olmuşdu anasına: Xocalının heyifini alacağıq! Həmin günlərdən nigaran zamanlar başlamışdı.Qalibə xanım səksəkədəydi. Gecələr yuxuya həsrət qaldı.Tahir Həsənov kəşfiyyat qrupunda bir sıra ciddi əməliyyatlarda iştirak etdi. 2 sentyabr 1992- ci il.Çətin bir əməliyyat keçirilməliydi.
Mühasirədə qalan döyüşçüləri Çıldırandan çıxarmaq lazımdı.Əməliyyat uğurla başa çatdı.Lakin ermənilər böyük qüvvə ilə kəndi mühasirəyə almağa başladılar.Tahir "gedin, qarşılarını alacam" dedi.Yaralılar da vardı.Döyüşçülər Tahirin əmrini yerinə yetirdilər. Lakin qayıdıb bir neçə dəfə kəndə girməyə cəhd etdilər.Nəhayət sentyabrın 27- də mühasirəni yarmağı, kəndə girməyi bacardılar.50- yə qədər erməninin ətrafa atılan leşinin içində Tahirin cəsədi də vardı.Qumbaranı partlatmışdı, özü ilə bərabər düşmənə ağır itki verilmişdi...İndi hər il 2 və 27 sentyabr tarixlərində Qalibə xanım Tahirin anım gününü keçirir.Dövlət, vətən qarşısında xidmətlərinə görə Tahir Həsənova Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək ad verib.Məktəbə adı veriləndə, xatirə lövhəsi açılanda ulu öndər Heydər Əliyev şəxsən özü iştirak etmişdi.Anası Qalibə Budaqovanı məktəbə direktor təyin etmişdi.Lakin sonra o məktəb uğrunda böyük döyüşlər başladı.
Şəhid anasını məktəbdən çıxarıb , yerinə kimlərinsə qohumlarını təyin etdilər.Ən böyük ehtirama layiq olan Qalibə xanım bir dəfə də bu barədə danışmadı.Minnət də qoymadı, oğul şəhid vermişəm.Qalibə Budaqova Azərbaycan Milli Qəhrəman Ailələrinə Sosial Dəstək ictimai birliyinin sədridir.Bu gün də vətənpərvərlik təbliğatını davam etdirir.Tahirin amallarını yaşadır.Hər il Tahirin doğum gününü qeyd etmək üçün Qalibə xanımın qapısını açanlar olur.
Doğum günün mübarək, QƏHRƏMANIM!
Mətanət Əsgərqızı
Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri.












