Türkiyənin COP31 sədrliyi çərçivəsində İstanbulda iqlim maliyyəsi sammiti keçirilir. COP31-ə hazırlıq məqsədi daşıyan toplantıda çoxtərəfli inkişaf bankları, beynəlxalq maliyyə institutları və özəl sektorun nümayəndələri iştirak edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, COP31-in təyin olunmuş prezidenti Murat Kurum sammitin ilk günündə iqlim maliyyəsində mövcud olan “uçurumun” aradan qaldırılmasının vacibliyini vurğulayıb. O, iqlim maliyyəsini “strateji təhlükəsizlik prioriteti” adlandırıb.
Kurum bildirib ki, gələcək təhlükələrdən qorunmaq üçün müdafiə xərcləri necə investisiya hesab olunursa, iqlimə yönəldilən maliyyə də eyni strateji yanaşma ilə qiymətləndirilməlidir.
Sammitdə iqlim layihələrinə daha çox özəl kapitalın cəlb edilməsi, beynəlxalq maliyyə institutlarının imkanlarından istifadə və ölkələrin milli prioritetlərinə uyğun maliyyə mexanizmlərinin hazırlanması müzakirə olunur.
İqlim maliyyəsi COP prosesində ən mübahisəli məsələlərdən biridir. İnkişaf etməkdə olan ölkələr iqlim dəyişiklikləri ilə mübarizə və yaşıl iqtisadiyyata keçid üçün daha çox maliyyə tələb edir. İstanbul sammitində səsləndiriləcək təkliflərin noyabrda keçiriləcək COP31-dəki müzakirələrə təsir göstərə biləcəyi gözlənilir.












