Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfər edib. Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı anlaşma imzalanıb.

Bəs Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşməsi hansı imkanlar yaradır? Azərbaycanın iqtisadi artımında Türkiyənin rolu nədir? Son illər iki ölkə arasında ticarət dövriyyəsi hansı tendensiyaya malikdir? İlham Əliyevin Türkiyəyə səfəri zamanı hansı iqtisadi məsələlərin müzakirə olunacağı gözlənilir?

QHT.az bu sualları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədova ünvanlayıb. İctimai Şura sədri bildirib ki, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşməsi hər iki ölkə üçün iqtisadi əməkdaşlıq nöqteyi nəzərdən müsbət təkanlar vəd edir: “Düşünürəm ki, biz tədricən iqtisadi əlaqələrimizin, ticarət əlaqələrimizin, qarşılıqlı investisiyaların strukturunda müsbət dəyişikliklərə nail olmalıyıq. Emal sektoru ilə bağlı olan sektorların inkişafına nail olmalıyıq. Çünki bu olduqca önəmlidir, ölkələrimizin iqtisadiyyatlarının rəqabətqabiliyyətliyinin yüksəlməsinə xidmət edə bilər”.

Elşad Məmmədov həmçinin bildirib ki, ölkə prezidentinin Türkiyəyə səfəri bu baxımdan müsbət təkanverici amilə çevrilə bilər: “Düşünürəm ki, ölkələrimiz arasında siyasi əlaqələrin müsbət xətt üzrə inkişaf etməsi, dərinləşməsi iqtisadi dinamikaya da müsbət, pozitiv təsirlərini göstərməkdədir. Enerji sektorunda əməkdaşlıq qarşılıqlı iqtisadi əlaqələrimizdə prioritet təşkil edir. Zənnimcə biz tədricən enerji sektorundakı əməkdaşlığa, xammal ticarətindən daha yüksək əlavə dəyər tutumlu istiqamətlər üzrə ticarətə keçid almalıyıq ki, bu da Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin xeyli dərəcədə gücləndirilməsinə şərait yaratmalıdır”.

 

Pərvanə Fərhadqızı