Əmrah Mamedov 2016-2018-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "kiçik çavuş" rütbəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Tərtər rayonunda Suqovuşan kəndi istiqamətində, Azərbaycan-Ermənistan təmas xəttində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.
QHT.az xəbər verir ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan Əmrah Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı və kəşfiyyatçı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qarşı tərəfdən hərbi məlumatların və sirrlərin öyrənilməsində fərqlənmişdir. Əmrah Mamedov 27 sentyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Poladlı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Mamedov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əmrah Mamedov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.






