Bu gün Bakı Dövlət Universitetində “Beynəlxalq Mina Xəbərdarlığı və Minalara Qarşı Fəaliyyətə Yardım Günü” ilə əlaqədar professor - müəllim heyətinin və müxtəlif fakultələri təmsil edən tələbələrin iştirakı ilə maarifləndirici seminar keçirilmişdir. 
 

QHT.az xəbər verir ki, seminarda “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov LİNKS Europe təşkilatı ilə birgə həyata keçirtdikləri və Azərbaycandakı mina problemlərinə həsr olunmuş layihə barədə ətraflı məlumat vermiş və Azərbaycan Respublikasının ərazisində minalar və partlamamış hərbi sursatlar problemi barədə geniş təqdimatla çıxış etmişdir. Təqdimatda minalar və partlamamış hərbi sursatlar probleminin yaranma səbəbləri, bu problemlərin aradan qaldırılması üçün ANAMA, Müdafiə və Fövqəladə Hallar Nazırliklərinin və Dövlət Sərhəd Xidmətinin müvafiq qüvvələrinin minaların təmizlənməsi ilə əlaqədar gördüyü işlər, ölkədəki mina qurbanlarının sayı, insanların mina qurbanı olmasının səbəbləri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.


Seminarda xüsusi diqqət əhalinin mina təhlükəsinə dair maarifləndirilməsinə yönəldilmişdir. Bu sahə üzrə görülmüş işlər və statistik məlumatlar iştirakçılara çatdırılmış, tələbələrin hər birinin bu sahədə əhalinin maarifləndirməsi üçün çanlı görüşlərdə və sosial şəbəkələrdə aktiv olmasının vacibliyi vurğulanmışdır. 


Sonra “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi tərəfindən seminara dəvət olunmuş mina partlayışı nəticəsində ciddi yaralanmış keçmiş mina təmizləyən Süleyman Heydərov seminar iştirakçıları qarşısında çıxış etmişdir. O, öz çıxışında minaların həddindən artıq məkrli bir silah olduğunu, heç kimə rəhm etmədiyini bildirmiş və bundan qorunmağın yeganə yolunun maariflənmədən keçdiyini xüsusi vurğulamışdır. 


Seminarın sonunda sual-cavab sessiyası keçirilmiş, verilən suallar cavablandırılmış və bu tip tədbirlərin davamlı şəkildə keçirilməsi barədə razılığa gəlinmişdir. 
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov bu seminarın təşkil edilməsinə görə BDU rektoru Elçin Babayev başda olmaqla bütün zəhməti olanlara təşəkkür etmişdir.