Yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olmasından əminik. Çünki son illərin xronikası onu göstərir ki, qarşıya qoyulan bütün vəzifələr icra edildi.
Yeni dövrə qədəm qoyarkən bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır. Hər birimiz elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun. Hər şeyi dövlətdən gözləməməliyik, əksinə, fəaliyyətimizlə dövlətə dəstək olmalıyıq. 
Əminik ki, yeni dövrdə ölkə rəhbəri xarici siyasət istiqamətində yeni üfüqlər açacaq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Dağlıq Qarabağ problemi Azərbaycan üçün bitmiş hesab edilir.  
Təsadüfi deyil ki, Prezident İlham Əliyev ATƏT-in keçmişin yadigarları olan bir sıra mexanizmlərinin ləğvini zəruri hesab edir.
Dövlət başçısı ötən cümə günü Münhendə ATƏT-in hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borqla görüşündə bəyan edib ki, ATƏT çərçivəsində keçmişin yadigarları olan bir sıra mexanizmlərin, o cümlədən ATƏT-in Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT sədrinin şəxsi nümayəndəsinin rəsmən ləğv edilməsi vacibdir.
Dövlət başçısı onu da vurğulayıb ki, ATƏT çərçivəsində büdcənin daha məqsədəuyğun və mühüm layihələrə yönəldilməsi vacibdir.  Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib, Ermənistanla münasibətlərin normallaşmasına gəlincə, bu proses ikitərəfli xarakter daşıyır.
Sadaladığım səbəblər də göstərir ki, xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olmalıyıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq.
Son günlərin siyasi olayları bütün dünyaya göstərdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin əhəmiyyəti süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, guya vasitəçi olmaq istəyirlər. Birincisi, vasitəçi olmaq üçün gərək heç olmasa üzdə bitərəf olasan, heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil.
Ötən həftə sonu Prezident İlham Əliyevlə Paşinyan Münhün Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə görüşüb, sonra isə ikitərəfli formatda müzakirə aparıb.
Azərbaycanın iştirak etmədiyi Qranada görüşündən sonra Avropada ilk olan bu görüş Bakı üçün Fransanın olmaması baxımından əhəmiyyətlidir. Görüş onu göstərdi ki, İrəvanın maraqlarını müdafiə edən Paris prosesdən uzaqlaşır.
Təmasın Münhendə baş tutması Almaniyanın önə çıxması şəraitini yaradır. Berlinin Parislə müqayisədə daha balansı mövqeyini nəzərə alsaq, bu da müəyyən irəliləyişdir. Biz sülh tərəfdarıyıq. Sülh şəraitində danışıqlar yolu ilə torpaqların qaytarılması ümidilə 30 il gözlədik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək.
Proseslərin sürətlənməsi üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir.

 

Elnurə Abuşova,
Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin sədri