Azərbaycanda ilk dəfə olaraq şirkətlərin korporativ sosial məsuliyyət (KSM) fəaliyyətlərində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq təcrübəsini təhlil edən tədqiqat hesabatı hazırlanıb.
QHT.az xəbər verir ki, “Azərbaycanda şirkətlərin korporativ sosial məsuliyyət fəaliyyətlərində QHT-lərlə əməkdaşlıq təcrübəsi” adlı tədqiqat hesabatı “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən hazırlanıb. Hesabat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Milli korporativ sosial məsuliyyət (KSM) təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində ərsəyə gətirilib.
Hesabatın əsas məqsədi Azərbaycanın 90-dan çox aparıcı şirkətinin korporativ sosial məsuliyyət (KSM) siyasətlərini və onların qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlıq səviyyəsini təhlil etməkdir. Təhlillər göstərir ki, ölkədə fəaliyyət göstərən iri dövlət şirkətləri, eləcə də telekommunikasiya və bank sektorları KSM sahəsində daha aktiv və strukturlaşmış fəaliyyət göstərirlər.
Lakin QHT-lərlə birbaşa əməkdaşlıq hələ də məhdud xarakter daşıyır və 90-dan çox geniş KSM təcrübəsi olan şirkətdən yalnız 20-sinin açıq məlumatlarında konkret QHT tərəfdaşlarının adı çəkilir. Mövcud əməkdaşlıqlar əsasən təhsil, ətraf mühit, sosial rifah və ictimai sağlamlıq kimi sahələrdə cəmləşib.Hesabatda Azərbaycanda KSM-in xeyriyyəçilik ənənələrindən müasir ESG (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinə doğru keçid mərhələsində olduğu vurğulanır. Müəyyən edilmişdir ki, əksər hallarda QHT-lər layihələrin dizaynı mərhələsində deyil, daha çox icraçı vasitəçi kimi cəlb olunur.
Həmçinin, kiçik və orta biznes subyektlərinin KSM platformalarında təmsilçiliyinin zəif olması və beynəlxalq hesabatlılıq standartlarının (GRI, SASB) tətbiqinin aşağı səviyyədə olması əsas çağırışlar kimi qeyd edilir.Yekun olaraq, hesabatda Azərbaycanda KSM təcrübəsini institusionallaşdırmaq üçün bir sıra strateji tövsiyələr irəli sürülür






