Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "6 Aprel-Beynəlxalq Cizgi filmləri günü"ilə əlaqədar "Cizgi film saatı" təşkil olunub.

QHT.az xəbər verir ki, Cizgi film saatında Astara şəhər Z.Bünyadov adına 2 saylı orta məktəbin müəllimi Yeganə Qasımova və III sinif şagirdləri iştirak edib. Şagirdlər "İKi qardaş" cizgi filmini izlədikdən sonra kitabxananın əməkdaşı Aysel Əhmədova tərəfindən onlara film haqqında duallar verilib. Sual-cavabda fəal iştirak edən şagirdlərə jurnal hədiyyə edilib.

Qeyd edək ki, Beynəlxalq Cizgi Filmləri Günü (International Animation Day), 2002-ci ildə ilk cizgi filmləri texnologiyasının ictimaiyyətə təqdimatının 110 illiyi münasibətilə Beynəlxalq Animasiya Kinosu Assosiasiyasının (The International Animated Film Association, ASIFA) Fransa şöbəsinin təşəbbüsü ilə təsis edilib və hər il oktyabrın 28-də qeyd olunur. Bu əlamətdar gündə - 28 oktyabr 1892-ci ildə Parisdə rəssam və ixtiraçı Emil Reyno tamaşaçıları yeni, o zamana qədər heç kimin görmədiyi tamaşaya – “optik teatra” dəvət edir. İstedadlı ixtiraçı özünün hərəkət edən şəkilləri nümayiş etdirən praksinoskop aparatını ilk dəfə açıq şəkildə nümayiş etdirmişdir. Biz indi bu hadisəni müasir cizgi filmlərinin timsalı adlandırardıq və məhz bu tarix hal-hazırda animasiya kinosu dövrünün başlanğıcı hesab olunur. Bir çox ölkələrdə bayram tədbirləri təyin olunmuş vaxtdan bir neçə gün əvvəl başlayır. Beynəlxalq Cizgi Filmləri Günü öncəsi dünyanın hər yerindən animasiya kinosu peşəkarları və həvəskarları öz filmlərinin proqramlarını bir-birləri ilə bölüşür və bu hadisəni bütün il gözləyən tamaşaçılar üçün əsərlərinin ilk nümayişini təşkil edirlər. Cizgi filmlərinin belə seansları artıq dünyanın 104 ölkəsində keçirilir.