22 iyun 1942 doğum tarixi - 15 yanvar 1998 ölüm tarixi
Bu gün bütün dünya müzəffər Azərbaycan ordusunun zəfərindən danışır. Bu zəfərin memarı kimi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarını alqışlayırlar. Bu uğurlu siyasət, əzim sayəsində 30 ilə yaxın müddətdə işğal altında olan doğma torpaqlarımız 44 gün müddətində azad olundu. Vətən müharibəsinin hər anını izlədikcə, ordumuzun hünərlərindən qürur duyduqca həm də kövrəlirəm. Bu kövrəkliyimizin səbəblərindən biri Xalq artisti Arif Babayevin ifasında səslənən “Qarabağ” mahnısının əsgərlərimizin 44 gün müddətində döyüş aparılan bütün ərazilərdə sevə-sevə ifa etmələri oldu. Onlar “Qarabağ” mahnısı ilə həm özlərini, həm də döyüşçü yoldaşlarını qələbəyə ruhlandırır, həm də cəbhənin müxtəlif yerlərindən arxa cəbhəyə məhz bu mahnı ilə salam yollayırdılar. Ona görə ki, mahnını oxuya-oxuya onlar doğma Qarabağımızı göz önünə gətirirdilər. Qarabağın ürəyi sayılan Şuşa şəhəri işğaldan azad edildikdə illər sonra doğma Şuşamızın eşitdiyi ilk doğma səs qəhrəman əsgərlərimizin qələbə atəşləri sədası altında oxuyub oynadıqları, qələbəni qeyd etdikləri “Can Qarabağ” mahnısı oldu. Dastana dönmüş şəhidimiz Xudayarın ifasında da səslənmiş bu mahnı ilə xarici ölkədə yaşayan həmyerlilərimiz, Türkiyənin Hatay şəhərinin qədim mədəniyyət topluluğu “Karabağa destek şarkısı” adıyla Asurlular, Türklər, Yəhudilər, Ərəblərin xor ifasında, Özbəkistanda yaşayan musiqiçilərin birgə ifasında, eləcə də Lənkaranın “Nənələr” qrupunun ifasında müzəffər ordumuzu döyüşə ruhlandırdılar. İşğaldan azad edilmiş bölgələrimizdən olan Ağdam şəhərində Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının xarabalığı önündə Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramovun ifasında da səslənən bu mahnının sədaları ilə işğaldan azad olunmuş ərazilərimizlə salamlaşdılar. Sarınan yaralarının ağrısını unutmaq üçün “Can Qarabağ” mahnısını oxuyan qazimiz 2020-ci ilin son gecəsində “Dünya Azərbaycanlılarının həmrəylik günündə” İTV-nin efirindən Əməkdar artist Aygün Bəylərlə bu mahnını duet formasında ifa etdi.
Görkəmli bəstəkarımız Süleyman Ələsgərovun dediyi kimi “Qarabağ mahnısı səslənəndə gözlərimiz önündə Qarabağ canlanır. Bu mahnı sanki Qarabağın video bioqrafiyasıdı”. Doğma Qarabağımız işğal altında olduğu müddətdə həmişə Qarabağın qoxusunu bu mahnı ilə almışıq. Bu mahnının həm sözlərinin, həm də musiqisinin müəllifi, Azərbaycanda xeyli sayda populyar mahnıların müəllifi, şair, ifaçı olan Bəhram Nəsibovdur. Əslən Qarabağdan olan Bəhram Nəsibovun ürəyi daim doğma Azərbaycanla döyünüb. Bəlkə də bu səbəbdən yaradıcılığında xüsusi yer tutan “Qarabağ” mahnısı bu qədər şirin, bu qədər sevgi ilə yazılıb. 59 yaşı olan “Qarabağ” mahnısı bu gün də dillər əzbəridir. 44 gün Vətən Müharibəsi zamanı bu mahnı Himnimizlə yanaşı “Can Qarabağ” deyən bütün dünya Azərbaycanlılarını birləşdirən dəyərə çevrildi. Yeri gəlmişkən qeyd edim ki, bu mahnı ilə yanaşı əsgərlərimiz Vətən müharibəsində Bəhram Nəsibovun “Qal sənə qurban”, “Naçar gedər”, “Gecələr” mahnılarını da ifa ediblər. Bu ifalar hamısı sosial şəbəkələrdə yayımlanıb. Bəhram Nəsibov I Qarabağ savaşında əsgərlərimizi ruhlandıran “Əsgər nəğməsi”, “Hücum marşı” və s. əsərləri yazıb. Yaratmış olduğu “Şahnaz” ansamblının adını vətənin dar günündə adını dəyişib “Vətən” edərək dəfələrlə ön cəbhədə çıxışlar edib.
Bəhram Nəsibov Azərbaycana aid olan bayramlara, əlamətdar hadisələrə öz yaradıcılığında geniş yer ayırıb. Məktəblilər üçün tərbiyəvi səciyyə daşıyan mahnı və şeirlər, vətənə və regionlarımıza, Azərbaycan bayrağına, yazıçılarımıza - özünün mənəvi müəllimi bildiyi, bunu qürurla dostlarına, ailəsinə təbliğ etdiyi görkəmli yazıçı, ziyalı, pedaqoq, alim, əməkdar elm xadimi, ictimai xadim Mir Cəlal Paşayevə həsr etdiyi “İlk müəllimim” və “Nəsrimizin günəşi” mahnıları, həmçinin Azərbaycan-Türkiyə əlaqələrinə, eləcə də klassik türk şairi Yunis Əmrənin sözlərinə, 20 Yanvar faciəsinə, Milli Dirçəliş Gününə, Cənub həsrətinə, 8 Mart Beynəlxalq Qadınlar Bayramı Gününə, Novruz və Yeni il bayramlarına, zəhmətkeşlərimizə, saf sevgiyə, Azərbaycan şəxs adlarına, məzəli duet və toy-düyünlərə, Azərbaycan təbiətinə, xaricdə yaşayan həmvətənlərimizə, Xocalı faciəsinə, işğal olunan bölgələrə, əsgərlərimizi döyüşə ruhlandıran mahnı və marşlar yazıb. Bəhram Nəsibovun son yazdığı mahnı və şeirlərini doğma Azərbaycanımızı məhv olmaqdan xilas edən Ulu Öndərimiz Heydər Əliyev cənablarının xilaskar kimi qayıdışına, eləcə də qurucusu olduğu Yeni Azərbaycan Partiyasına ithaf edib. Yeri gəlmişkən, qeyd edək ki, o, bəzi mahnılarını Ulu Öndərin hələ sovet dönəmindəki quruculuq işlərindən ilhamlanaraq yazmışdır. Ulu Öndər Bəhram Nəsibovun “Deyin, hardadır?”, “Naçar gedər”, “Min yaşa, Heydər baba!” mahnıları ilə yanaşı, “Mənim anam” mahnısını da çox bəyənib. Hətta o, 1982-ci ildə xarici ölkələr səfirləri zamanı bu mahnıya qol götürüb rəqs edib və mahnı haqqında yüksək fikirlərini də bildirmişdir. Bu, Bəhram Nəsibova sağlığında verilən ən böyük qiymət olmuşdur.
Bəhram Nəsibov yaradıcılığı haqqında fikir bildirmiş dahi sənətkarlarımız - bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Şəfiqə Axundova, Oqtay Kazımi, şair və yazıçılarımızdan Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Rüfət Əhmədzadə, Zəlimxan Yaqub, Qasım Qasımzadə, Vidadi Babanlı, ziyalılarımızdan Tarıyel Əhmədov, Zemfira Vəliyeva, Vasim Məmmədəliyev, İnqilab Nadirov, Firudin Ağayev, Emin Mahmudov, aktyorlarımızdan Ağasadıq Gəraybəyli, Arif Quliyev, Yasin Qarayev, ifaçılarımızdan Xan Şuşinski, Rəşid Behbudov, İlhamə Quliyeva, Aftandil İsrafilov, Habil Əliyev, Arif Babayev, Elmira Rəhimova, Ağaxan Abdullayev, Bəhram Mənsurov, Əlibaba Məmmədov, Qədir Rüstəmov, Həbib Bayramov, Tükəzban İsmayılova və s. fikirləri ilə tanış olmuş yazıçı Cəmil Əlibəyov ürək yanğısı ilə qeyd etmişdi “Bəstəkarlar arasında xalqın zövqünü hamıdan yaxşı bilən şəxslərdən biri olan Bəhram Nəsibov hələ öz layiqli qiymətini almayıb”.
Türkiyənin “TRT” kanalında “Türk dünyasında savaşların müzikdəki izləri” adlı alboma iki Azərbaycan bəstəkarının – dahi Üzeyir bəyin “Çırpınırdı Qara dəniz” və Bəhram Nəsibovun “Qarabağ” mahnıları daxil edilmişdir. Onun mahnıları İran radiosunda Mustafa Payanın, Almaniyada yaşayan həmyerlimiz Pakizə Aydanın, Türkiyədə Burhan Çaçanın, Ərəbistanda Şəhrizadın və başqalarının ifasında da səslənmiş və bu gün də səslənməkdədir.
Bəhramın novellaları və bəhri-təvilləri Azərbaycan televiziyası ilə ən məşhur gülüş ustalarımız: Əliağa Ağayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırov, Eldəniz Zeynalov, Yaşar Nuri, Arif Quliyev və başqalarının ifalarında nümayiş etdirilib. Müəllifi olduğu “Güləndam maşın udub” adlı səhnələşdirilmiş novellası yaxşı mənada böyük səs-küyə səbəb olduğundan sonradan bu mövzuda film də çəkilmişdir. Bu novellada işlətdiyi “Sənin üçün qədir ağacı əkəcəyəm” ifadəsi sonralar az qala aforizmə çevrilmişdir. Bəhri-təvilləri “Kirpi” jurnalının mükafatını alan Bəhram Nəsibov bu jurnala karikatura mövzuları da təqdim edib.
Ölümündən sonra Bəhram Nəsibovun yaradıcılığı haqqında silsilə televiziya verilişləri, konsetrlər təşkil edilib. Bəhram Nəsibov yaradıcılığına belə bir diqqətə, qayğıya, hörmətə görə dövlətimizə, onun başçısı İlham Əliyev Cənablarına, Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Mədəniyyət Nazirliyinə Bəhram Nəsibovun ailəsi adından xüsusi minnətdarlığımı bildirirəm. Bəhram Nəsibovun yaradıcılığına həsr olunan 2000-ci ildə işıq üzü görən “Nəğməli sözlü Bəhram” kitabında (müəllif, prof. F.Sadıqov) onun mahnıları ilə yanaşı lirikası, hekayələri, səhnəcikləri, novellaları, parodiyaları, bəhri-təvilləri (bunların əksəriyyəti görkəmli aktyorların ifasında radio-televiziya verilişlərində təqdim edilib) bu gün də xalqımız tərəfindən böyük məhəbbətlə və rəğbətlə qarşılanır.
Bu il müstəqilliyimizin 30 illiyi ilə əlaqadar olaraq yaradıcılığında Azərbaycanın bölgələrini vəsv edərək musiqili xəritəsini çəkmiş Bəhram Nəsibovun mahnılarında ibarət “Azərbaycanın musiqili xəritəsi” konsert proqramı hazırlamaq sənətsevərlərin ürəyincə olar. Həmin konsert proqramında bu il yubileyləri keçiriləcək Nizami Gəncəvinin, Aşiq Ələsgərin, Səməd Vurğunun, Əli Kərimin, Rəsul Rzanın, Sabir Rüstəmxanlının eləcə də qardaş Türkiyə Cumhuriyyətində “Yunis Əmrə və Türk dili ili”ndə həm Yunus Əmrənin, həm Türk dili haqqında, Bektaş Vəlinin sözlərinə Bəhram Nəsibovun yazdığı və hələ ifa edilməmiş mahnılar səslənər.
Xatırladım ki, 2022-ci ildə Azərbaycan Mədəniyyətinə təmənnasız xidmət edib, görkəmli müğənnimiz, Xalq artisti Alim Qasımovun dediyi kimi “Hər mahnısı ilə bir heykəl qoysa da” heç bir fəxri ad üçün heç yerə müraciət etməmiş Bəhram Nəsibovun 80 yaşı tamam olur. Bu yubileyin Dövlət səviyyəsində qeyd olunması, yubiley çərçivəsində Bəhram Nəsibovun ifa edilmiş və ifa edilməmiş mahnılarından ibarət not kitablarının çapı və yaradıcılığı haqqında sənədli filmin çəkilməsi sənətsevərləri sevindirər.












