UNEC və Çin universitetləri arasında strateji əməkdaşlıq - FOTOLAR
Pekində mühüm razılaşmalar əldə olunub.
QHT.az xəbər verir ki, UNEC-in rektoru prof.Ədalət Muradovun rəhbərliyi ilə Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Pekində bir sıra nüfuzlu universitet və elmi-tədqiqat institutları ilə mühüm əməkdaşlıq razılaşmaları imzalanıb.
UNEC və Çin İnkişaf Maliyyəsinin Təşviqi Assosiasiyası (CAPDF) arasında birgə tədqiqat mərkəzi və İnkişaf Maliyyəsi Laboratoriyasının yaradılması nəzərdə tutulub. Qeyd edək ki, UNEC CAPDF ilə əməkdaşlıq edən ilk xarici universitetdir. Mərkəzi Maliyyə və İqtisadiyyat Universiteti (CUFE) ilə ikili diplom proqramları, EMBA və rəqəmsal iqtisadiyyat sahəsində tədqiqatları aparılması, beynəlxalq kitab tərcümələri və s. ilə bağlı əməkdaşlıq memorandumları imzalanıb. Çin Xarici Dillər Universiteti ilə MBA üzrə ikili diplom proqramı, tələbə-müəllim mübadiləsi, ingilis dili tədrisinin metodologiyasının paylaşılmasına dair razılıq əldə olunub.
Renmin Universiteti ilə “Bir Kəmər, Bir Yol” adlı beynəlxalq elmi jurnalın təsisi edilməsinə qərar verilib. Beynəlxalq Biznes və İqtisadiyyat Universiteti ilə (UIBE) birgə Rəqəmsal İqtisadiyyat laboratoriyasının, Azərbaycan-Çin İqtisadi Əlaqələrinin Tədqiqi Mərkəzinin, UİBE-də fəaliyyət göstərən "ÜTT İnstitutu" nümunəsində UNEC-də həmin institutunun yaradılmasına, eləcə də müəllim-tələbə mübadiləsinə qərar verilib. TTsinghua Universiteti ilə MBA və EMBA proqramları, qısamüddətli modul proqramları, biznes, mühəndislik, strateji innovasiyalar üzrə forumların təşkili və birgə tədqiqat mərkəzləri üzrə əməkdaşlıq razılaşdırılıb.