Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili layihəsinə start verildi
2025-ci il iyunun 1-dən etibarən qadınların sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyan “Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” adlı layihəyə rəsmi olaraq start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.
QHT.az xəbər verir ki, layihə əsasən Laçın rayonu da yaşayan qadınlara xüsusi diqqət yetiriləcək. Laçından olan qadınların sosial həyatına və iqtisadi fəaliyyətlərinə dəstək vermək, onların müasir əmək bazarına uyğunlaşmasına şərait yaratmaq bu təşəbbüsün əsas istiqamətlərindəndir. Böyük Qayıdış prosesində bölgəyə qayıdan və burada yeni həyat qurmağa çalışan qadınlar üçün layihə əlavə motivasiya və dəstək mexanizmi rolunu oynayacaq.
Layihənin əsas məqsədi qadınların iş bacarıqlarını inkişaf etdirmək, sahibkarlıq və peşə təlimləri vasitəsilə onların iqtisadi müstəqilliklərini artırmaqdır. Şəhid ailələrindən olan qadınlar, aztəminatlı ailələrdən çıxmış və ya sosial cəhətdən həssas qruplara aid edilən qadınlar üçün nəzərdə tutulan bu təşəbbüs, onların sosial və maddi vəziyyətini yaxşılaşdırmağa, daha güclü və müstəqil bir həyat qurmağa imkan yaratmağı hədəfləyir.
Layihə çərçivəsində iştirakçılar üçün bir sıra interaktiv təlimlər və seminarlar təşkil olunacaq:
-
Sahibkarlıq əsasları – biznes planlaşdırması, bazar araşdırması, maliyyə savadlılığı və marketinq;
-
Motivasiya və şəxsi inkişaf – qadınların özünəinamının artırılması, liderlik bacarıqları və komanda işi üzrə təlimlər.
Eyni zamanda, iştirakçılar mentorluq proqramlarına qoşulacaq, burada təcrübəli sahibkar qadınlarla fikir və təcrübə mübadiləsi aparmaq, həmçinin peşəkar şəbəkə qurmaq imkanı əldə edəcəklər. Layihənin sonunda fəal iştirakçılara fərdi sahibkarlıq fəaliyyətlərinə başlamaq üçün istiqamətləndirmə və məsləhət xidməti də təqdim olunacaq.
Layihə qadınların yalnız iqtisadi deyil, sosial güclənməsini də nəzərdə tutur. Xüsusilə Laçın rayonu kimi azad olunmuş ərazilərdə bu cür təşəbbüslər həm yerli icmanın inkişafına, həm də qadınların cəmiyyətə inteqrasiyasına əhəmiyyətli töhfə verəcək.
“Qadınlar üçün sahibkarlıq və peşə təlimlərinin təşkili” layihəsi 2025-ci il iyulun 31-dək davam edəcək. Layihənin sonunda iştirakçıların yeni bilik və bacarıqlarla əmək bazarına çıxış imkanlarının artması, öz bizneslərini qurması və daha layiqli həyat şəraitinə sahib olmaları hədəflənir.