QHT "Parlaq Ulduzlar" - gənc istedadların tanıdılması layihəsinin icrasına başlayıb
“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Parlaq Ulduzlar" - gənc istedadların tanıdılması layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, Azərbaycanın bölgələrində gənc istedadların üzə çıxarılması və dəstəklənməsi məqsədilə “Parlaq Ulduzlar” adlı yeni layihəyə start verilib. Birliyin sədr müavini Nargül Quliyevanın məlumatına görə, layihə Bakı və Gədəbəy bölgələrində həyata keçiriləcək.
“Layihənin əsas məqsədi istedadlı uşaqları və gəncləri aşkara çıxarmaq, onların bacarıqlarını geniş auditoriyaya tanıtmaq və inkişafları üçün dəstək göstərməkdir. “Parlaq Ulduzlar” adlı layihə çərçivəsində təşkil olunacaq tədbirlərdə gənclər müxtəlif sahələrdə – musiqi, rəsm, idman, elmi nailiyyətlər və digər istiqamətlər üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər. “Parlaq Ulduzlar” təşəbbüsü, bölgələrdəki istedadlı gənclərə özlərini göstərmək və uğur qazanmaq üçün yeni imkanlar yaratmaqla yanaşı, cəmiyyətin diqqətini də bu gənclərin inkişafına yönəltməyi hədəfləyir.
"Parlaq Ulduzlar" layihəsi, gənc istedadları tanıtmaq məqsədi ilə Bakı və Gədəbəy bölgələrində təşkil olunacaq. Layihənin məqsədi yalnız gəncləri tanıtmaqla məhdudlaşmır; həm də onların cəmiyyətə faydalı olmasına, müxtəlif sahələrdə inkişaf etmələrinə və yeni nəsil liderlərin yetişməsinə xidmət edir.
Layihə çərçivəsində həmçinin “İstedadları Uğura Aparan Yol” adlı jurnalın nəşri də nəzərdə tutulur. Jurnal vasitəsilə istedadlı gənclərin həyat hekayələri, qarşılaşdıqları çətinliklər və qazandıqları uğurlar oxuculara təqdim olunacaq. Jurnal eyni zamanda bu istedadların gələcək inkişafına stimul vermək məqsədi daşıyır”-deyə Nargül Quliyeva mэlumat verib.
Qeyd edək ki, bir iyundan icrasına başlanılan layihənin üç ay müddətində həyata keçirilməsi nəzərdə tutulur.