DEPUTAT: "Ölkəmizdə 4000 QHT-dən 1000-i yaxşı işləyir"
Milli Məclisin üzvü Azər Allahverənov Modern.az-ın qonağı olub. Deputat əməkdaşlarımızla söhbət zamanı bir sıra məsələləri şərh edib.
QHT.AZ Modern.az-a istinadən müsahibənin QHT sektoruna aid hissəsini təqdim edir:
- QHT-lərimiz bu gün nə qədər aktivdir? Ümumiyyətlə, QHT-lərin fəaliyyətində hansı yeniliklərin olmasına ehtiyac var? QHT-lər üzərinə düşən vəzifələri yerinə yetirirmi?
- Ola bilər ki, əvvəllər QHT-lərimizin səsi Biləcəridən o tərəfdə eşidilmirdi. İndi isə vəziyyət belə deyil. QHT-lərimizin səsi dünyada eşidilir. Azərbaycan Milli QHT Forumunun bir toplantısını keçirdik. Orada bir il ərzində Azərbaycan Milli QHT Forumunun xətti ilə həyata keçirilən fəaliyyətlər barədə məlumat verildi. Beynəlxalq platformalarda təmsilçilik baxımından "COP29 QHT koalisiyası", "Ümumdünya Urban13 QHT koalisiyası" yaradıldı. Bu təşkilatların üzvləri sırasında yüzlərlə QHT təmsil olunur. Bu platformaların hamısı Azərbaycan QHT-lərinin təşəbbüsü ilə yaranıb. Xəzər hövzəsinə daxil olan dövlətlərin ayrıca QHT koalisiyası var. Bu da beynəlxalq platformdur. Götürək BMT-nin "Ecosoc" proqramını, burada 16 QHT sədri təmsil olunub. Bu, artıq QHT-lərimizin beynəlxalq platformalarda təmsil olunmaqla yanaşı, həm də beynəlxalq platformalara töhfə verən tərəf kimi dəyərləndirilməsidir. Bunun nəticəsidir ki, Azərbaycan QHT-lərinin irəli sürdüyü beynəlxalq platformalar çox rahatlıqla xarici ölkələr tərəfindən təsis olunur. Bu da Azərbaycan QHT-lərinə göstərilən etimaddan qaynaqlanır.
- Bu gün QHT-lərin mediada işıqlandırılması, onlar barəsində elə də ciddi məlumatlar verilməməsi müaşhidə olunur. Siz bunun səbəbini nədə görürsünüz?
- Ümumiyyətlə işləməyən QHT-lər də var. Azərbaycanda 4000-dən çox QHT qeydiyyata alınıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə dəstəklənən layihələri icra edən QHT-lərin sayı təqribən 1000 civarındadır. Yəni 4000 QHT-nin içərisində 1000 QHT-nin daha çox fəal olduğunu deyə bilirik. Çünki onlar mütəmadi olaraq layihələrlə işləyən QHT-lərdir. Bunların içərisində də nisbətən fəal olan, bir az zəif işləyənlər var. Bir layihəni icra edib digərini gözləyən, yəni layihədən-layihəyə işləyənlər də mövcuddur. O da QHT-nin dayanıqlılığı ilə əlaqədardır.
Biz yerdə qalan 3000 QHT-nin performansını bütövlükdə 4000-lik QHT sektoruna şamil edə bilmərik. Ümumiləşdirilmiş şəkildə qiymət verilməsi ən xoşagəlməz haldır. Onda həqiqətən də işləyən QHT-lər kölgədə qalmış olur. Təbii ki, bizim işləyən QHT-lərimiz çoxdur, getdikcə onların sayı artır. QHT-lərin peşəkarlığı, layihə yazmaq bacarığı da artır. Bu iki element də beynəlxalq müstəvidə layihələrin icra edilməsinə imkan verir. Azərbaycan QHT-ləri bu gün beynəlxalq layihələri icra edir.
QHT-lərin bəzisi media ilə işləməyi o qədər də önəmli hesab etmir. QHT hərşeyşünas olub bütün sahələrdə işləyə bilməz. QHT-nin ixtisaslaşdığı - təhsil, ekologiya və sair digər sahələr olur. 2021-ci ildə QHT Agentliyi yaradıldı. Cənab Prezidentin sərəncamı ilə Agentliyin müşahidə şurasının üzvü təyin olundum. Burada əsas məsələ peşəkarlığın artması, layihə yazma bacarığının artırılmasıydı. 4 ildə müəyyən qədər buna nail olmuşuq. Bəzən media ilə QHT arasında informasiya əlaqəsi yanlış qurulur. Məsələn, hər hansı informasiyanı, tutaq ki, ekologiya ilə bağlı məlumatı bəzən heç bu sahəyə aidiyyəti olmayan QHT-dən soruşurlar. COP29 zamanı ekologiya sahəsində kifayət qədər ixtisaslaşmış 30-40 QHT hətta Ermənistan ərazisində iqlim dəyişikliyinə zərər göstərən müəssisələrin xəritəsini yaradıb. Ermənistan QHT-ləri öz ərazilərində olmağına baxmayaraq bunu edə bilmirlər.