Xəbərlər 17.05.2025 11:41 54

Milli Məclisdə insan alveri ilə mübarizə üzrə illik hesabat təqdim olundu

Mayın 16-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Parlamentin sədri Sahibə Qafarova bu gün 12 məsələnin müzakirə ediləcəyini bildirib. O, birinci məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı olduğunu söyləyib. Spiker bu məsələ ilə əlaqədar olaraq plenar iclasda Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimovun və daxili işlər nazirinin müavini Fazil Quliyevin iştirak etdiyini deyib.

Sonra daxili işlər nazirinin birinci müavini, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru Seyfulla Əzimov 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edib.

Seyfulla Əzimov bildirib ki, 2024-ci il ölkəmizin bir sıra dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə insan alverinə qarşı mübarizə sahəsində tədbirlər, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi davam etdirilib. Müvafiq tədbirlər çərçivəsində "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, "2025-2030-cu illər üçün Milli Fəaliyyət Planı", dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihələri üzərində işlər tamamlanaraq, aidiyyəti üzrə təqdim olunub.

O, deyib ki, xarici ölkələrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün gedən vətəndaşların, ölkə ərazisindən tranzit keçən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması, tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında erkən nikahların aşkarlanması məqsədilə dövlət orqanlarına maarifləndirici vasitələr və analitik materiallar göndərilib, sosial şəbəkələrə yerləşdirilib. Bildirilib ki, maarifləndimə tədbirlərinə hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, media və yerli icra hakimiyyəti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tibb işçiləri, sahibkarlar, nəqliyyat, təhsil, sosial müdafiə, məşğulluq mərkəzlərinin işçiləri cəlb edilib. Aidiyyəti peşə sahiblərinə insan alveri qurbanlarının hüquqlarının müdafiəsi mövzusunda təlimlər və ixtisasartırma kursları təşkil olunub.

 

Milli Koordinator diqqətə çatdırıb ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində mütəmadi olaraq əhali ilə görüşlər keçirilərək doğumun qeydiyyatının əhəmiyyəti və məcburiliyi barədə məlumatlandırma işi aparılıb. Hesabat ilində dövlət uşaq müəssisələri məzunlarının insan alveri qurbanına çevrilməsi riskinin azaldılması məqsədilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, eləcə də məşğulluqlarının təmin edilməsi ilə bağlı yardımlar davam etdirilib. Bununla yanaşı, Azərbaycanda və əcnəbilər tərəfindən övladlığa götürülmüş uşaqların həyat şəraitinin öyrənillməsi məqsədilə 1265, himayədar ailələrə verilmiş uşaqlarla bağlı 231 monitorinq aparılıb. Aparılan monitorinqlərlə aşkarlanmış 100 küçə uşağından 86-nın ailəsinə səfər edilib, baxımsız vəziyyətdə olan 5 uşaq Agentliyin sığınacağına, 1 uşaq körpələr evinə yerləşdirilib, 30 uşağın şəxsiyyətini təsdiq edən sənədlərin alınması təmin edilib, təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə, sağlamlıq problemləri ilə əlaqədar isə TƏBİB-ə yönləndirilib.

 

Qeyd olunub ki, insan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması məqsədlə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsi çərçivəsində 10 müvafiq təşkilata 140.500 manat, insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına,  sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyi tərəfindən 60.000 manata yaxın vəsait ayrılıb.

Seyfulla Əzimov bildirib ki, hesabat ilində insan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, təyinat və mənbə ölkələrinin aidiyyəti dövlət və qeyri-dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi işi davam etdirilib. O cümlədən, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və ixtisaslaşmış beynəlxalq qurumlarla informasiya və təcrübə mübadiləsi aparılıb, habelə ABŞ-ın Dövlət, Ədliyyə və Əmək departamentlərinin, Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (QRETA), BMT-nin insan hüquqları üzrə müqavilə qurumları və İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində verilən tövsiyələr və sorğular cavablandırılıb.

 

Daxili işlər nazirinin birinci müavini nəzərə çatdırıb ki, ötən müddət ərzində məcburi əməyin qurbanlarının və potensial qurbanlarının aşkarlanması, bu növ cinayətlərə şərait yaradan halların aradan qaldırılması ilə bağlı Milli Fəaliyyət Planında təsbit olunmuş vəzifələr də yerinə yetirilib.

 

Bildirilib ki, ötən il Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən ölkə üzrə əmək müqavilələrinin elektron sənəd formasında bağlanılmasına, əmək müqavilələrinə xitam əmrlərinin elektron imza ilə işçinin şəxsi kabinetinə göndərilməsinə, əmək münasibətləri ilə bağlı əmrlərin elektron uçotunun aparılmasına, işçi və işəgötürən arasında yazışmaların elektron kabinetlər vasitəsilə həyata keçirilməsinə, qanunvericiliyin düzgün tətbiqi üçün xəbərdarlıqların və məhdudiyyətlərin tətbiqinə başlanılıb.

 

Qeyd olunub ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində keçirilmiş 30 səyyar yoxlama zamanı 1.002 işçidən 57-nin əmək və ya xidməti müqaviləsinin olmadığı aşkarlanıb, 12 işəgötürən hüquqi və fiziki şəxs barəsində 105.000 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

 

Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676  şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2.643.000 manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi  yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8000 manat məbləğdə cərimələnib. Bununla yanaşı, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 məcburi əmək faktı üzrə cinayət işi başlanılıb və zərər çəkmiş şəxslərin ölkə daxilində məcburi dilənçiliyə məruz qalması müəyyən olunub. İnsan alveri və məcburi əmək qurbanlarının aşkarlanması məqsədilə keçirilmiş tədbirlər zamanı isə 4 miqrasiya kanalı müəyyən olunaraq 15 əcnəbi saxlanılıb.

 

Cinayət təqibi və qurbanlarla iş sahəsində görülmüş iş barədə danışan Seyfulla Əzimov insan alveri və məcburi əmək qurbanlarının  müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi məqsədilə xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161 insan alveri faktı və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44  cinayət faktının aşkarlandığını qeyd edib.

Nəzərə çatdırılıb ki, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44  müvafiq fakt da aşkarlanaraq cinayət işləri başlanılıb, həmçinin aparılmış monitorinqlərlə insan alverinin təbliği ilə məşğul olan 156, cari ilin ötən dövründə isə 124 teleqram kanalı, instaqram və tik-tok hesabı bağlanılıb.

Qeyd olunub ki, insan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91  insan alveri qurbanının hamısı Azərbaycan Respublikasının vətəndaşı olub. Onlardan 53-ü Türkiyə Respublikasında, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2-i Qətər Dövlətində cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalıb.

 

Milli Koordinator vurğulayıb ki, insan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin icrası da diqqətdə saxlanılıb. Onlardan 80 nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilib, 56 nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yerləşdirilərək tibbi, sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilib. Daha 18 qurban peşə kurslarına yönəldilib, 9 nəfəri işlə təmin edilib, 1 əcnəbi qurbanın repatriasiyasında, 9 qurbana şəxsiyyət vəsiqəsi və 11 qurbanın ünvanlı sosial yardım almasında, 2 uşaq qurbanın təhsilini davam etdirməsi üçün İnteqrasiya təlimli  internat məktəbinə qəbul olunmasında köməklik göstərilib, 44 qurbanın ailəsinə qayıdışı təmin olunub.

Seyfulla Əzimov diqqətə çatdırıb ki, müvafiq sahədə davamlı hüquqi islahatların həyata keçirilməsi, insan alveri cinayətlərinin iştirakçılarının təqibi, qurbanların aşkarlanması üçün süni intellekt, rəqəmsal alətlərdən səmərəli istifadə edilməsi, müasir texnologiyaların tətbiqi ilə profilaktika işinin genişləndirilməsi və səmərəsinin artırılması qarşıda duran əsas vəzifələrdəndir.

 

Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı barədə bu komitənin rəyini təqdim edib.

O, insan hüquq və azadlıqlarının təmin olunmasında üzərinə mühüm vəzifələr düşən Milli Koordinator institutunun yaradılmasının 20 ilinin tamam olduğunu qeyd edərək, hüquq-mühafizə orqanlarının dövlətçiliyə xidməti və sədaqətinin, Ulu öndər Heydər Əliyev məktəbini keçərək formalaşan yüksək peşəkarlığının müstəqilliyimizin bərpasından sonra daha da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, 2003-cü ildə yenicə Prezident seçilən İlham Əliyev ölkəmizdə ictimai təhlükəsizliyi və sabitliyi qoruyanların bir nömrəli müdafiəçisi olduğunu nümayiş etdirib.

Komitə sədri xatırladıb ki, 2005-ci ildə qəbul edilən “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda istismarın bir neçə forması müəyyənləşdirilib və bunlar - məcburi əmək, cinsi istismar, köləlik, insan orqanlarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsindən ibarətdir. O, qeyd edib ki, Milli Məclisə təqdim edilən Məlumat təkcə Baş İdarənin deyil, ölkə üzrə 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanının fəaliyyətinin nəticəsidir. Sənəd 4 istiqamət üzrə, o cümlədən cinayətin qarşısının alınması, qurbanlara yardım və müdafiə, cinayətkarların təqibi və beynəlxalq əməkdaşlıq tədbirlərini özündə ehtiva edir.

Zahid Oruc deyib ki, məlumatda “2025─2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın hazırlandığı bildirilir. Digər məsələ, gizli xarakterə malik transmilli cinayətin şəbəkə halında informasiya texnologiyaları-kiberməkanda qarşısının alınmasıdır. O, insan alveri-traffikinginin sosial şəbəkələr üzərindən yeni tranzit kanallarının aşkarlanması və təqibi, on-line məkana köçən kibercinayətlərin qarşısının alınması sahəsinə də xüsusi diqqət göstərildiyinin təqdirəlayiq olduğunu söyləyib. İnsan alverinin yoxsulluq, əhalinin səmərəli məşğulluğu, təhsil, sosial müdafiə və digər sahələrə də təsir göstərdiyini qeyd edib. Bununla yanaşı, bildirilib ki, beynəlxalq hesabatlarda insan alveri sahəsində qlobal indeks və reytinqlərdə ölkəmiz müsbət indikatorlara malikdir.

Komitə sədri qeyd edib ki, Baş İdarəyə vətəndaşların etimadının mühüm göstəricilərindən biri “152” qаynаr xəttinə 10.254 zəngin edilməsidir. Ötən illərlə müqayisədə müraciətlərin artması problemə həssas münasibətin göstəricisidir. O, nəzərə çatdırıb ki, son 20 ildə insan alveri üzrə cinayətlərin ümumi sayı 2.532 təşkil edib. Müxtəlif illərdə dinamika dəyişib, hazırda isə dövlətin sistemli tədbirləri hesabına sabit bir tendensiya müşahidə olunur.

Bildirilib ki, məlumatın son illərdə daha da genişləndirilən, keyfiyyət əsaslı təhlili və statistik əlavələrdən ibarət infoqrafikalarla müşayiət olunması aydın təsəvvür və qərar qəbuletmə üçün mötəbər mənbədir.

Çıxışının sonunda komitə sədri Milli Koordinatorun illik fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, təkliflərini səsləndirib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ilə bağlı rəhbərlik etdiyi komitənin mövqeyini diqqətə çatdırıb.

O, 2024-cü il üzrə İnsan alverinə qarşı mübarizə haqqında məlumatın son Milli Fəaliyyət Planının yekunu olduğunu, yeni Fəaliyyət Planının hazırlanacağını söyləyib. Komitə sədri deyib ki, ötən illər ərzində Daxili İşlər Nazirliyi, digər dövlət orqanları bu sahədə sistemli, davamlı və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərib və müsbət nəticələr əldə olunub. O, həm insan alverinə qarşı mübarizə sahəsində, həm də bütövlükdə mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilən peşəkar fəaliyyəti xüsusi vurğulayıb. Dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və medianın vahid mövqedən çıxış etdiyini söyləyərək, insan alverinə qarşı mübarizənin milli səviyyədə fəaliyyətə çevrildiyini qeyd edib.

Əli Hüseynli bildirib ki, 2025-2030-cu illər üçün yeni Fəaliyyət Planında dünyada və regionda baş verən bir sıra münaqişələr insan alveri üçün yeni təhdidlər kimi qiymətləndirilməli və bu amillər gələcəkdə nəzərə alınmalıdır. Eyni zamanda, rəqəmsal alətlərin və müasir texnologiyaların tətbiqi, insan hüquqlarının səmərəli müdafiəsi əsas vəzifələrdən olmalıdır.

Məsələ ilə bağlı müzakirələrdə komitə sədri Fazil Mustafa, deputatlar Qüdrət Həsənquliyev, Razi Nurullayev, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Aydın Mirzəzadə, Azər Allahverənov çıxış ediblər, öz qeyd və təkliflərini söyləyiblər.

Milli Məclisin sədri Sahibə Qafarova məsələyə münasibət bildirərək, millət vəkillərinin seçicilərlə görüşləri zamanı maarifləndirmə işində fəallıq göstərməsinin əhəmiyyətindən danışıb.

Müzakirələrin sonunda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı nəzərə alınıb.

Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov deputatlara dəstəyə görə təşəkkür edib, səsləndirilən təkliflərin gələcəkdə nəzərə alınacağını söyləyib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı