Müşfiq Məmmədli: "Gənclərə Heydər Əliyev ideyalarının əhəmiyyətini anlatmaq vacibdir"
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli QHT.az-a verdiyi açıqlamada Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin inkişafında oynadığı mühüm rolu vurğulayıb.
Deputat Heydər Əliyevin həmçinin dövlətin gələcək inkişaf istiqamətlərinin müəyyən olunmasında və regionda Azərbaycanın mövqeyinin gücləndirilməsində əsaslı addımlar atdığını bildirib:
"Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının tarixi yaddaşında silinməz izlər buraxmış nadir siyasi xadimlərdən biridir. İstər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, istər ölkənin düşdüyü ağır vəziyyətdən çıxarılmasında, istərsə də sonrakı inkişaf istiqamətlərinin müəyyən olunmasında sağlam dövlətçilik bünövrəsinin qurulması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev özündən sonra Azərbaycanı müxtəlif çalxantılı və geopolitik proseslərin getdiyi, regionda hərtərəfli maraqların toqquşduğu bir dövrə hazırlamaq üçün mühüm addımlar atmışdır. Onun xalqımızın tarixində oynadığı ən mühüm rollardan biri də siyasi varislik prinsipini formalaşdıraraq dövlətçiliyin davamlılığını təmin etməsi olmuşdur. Bu gün Müzəffər Ali Baş Komandan həmin siyasi kursu uğurla davam etdirərək Azərbaycanı regionun ən önəmli və qabaqcıl dövlətlərindən birinə çevirmişdir".
Deputat açıqlamasında gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və milli düşüncənin aşılanması baxımından keçirilən konfransların önəmindən də bəhs edib:
"Gənclərlə keçirilən bu konfransda məhz bu mühüm məqamların aydın və dolğun şəkildə izah edilməsi, gənclərlə hərtərəfli fikir mübadiləsinin aparılması, onların vətənpərvərlik və milli düşüncə baxımından mövqeyinin formalaşdırılması böyük əhəmiyyət daşıyır. Tarixi obyektiv reallıqların ümumiləşdirilmiş və səthi frazalarla deyil, konkret faktlarla gənclərə çatdırılması son dərəcə vacibdir. Çünki müasir dövrdə sosial şəbəkə məkanında qaragüruhçu, dağıdıcı müxalifət nümayəndələri və ya özünü siyasətçi kimi təqdim edən, lakin əslində bu prosesləri dərk etməyən şəxslər tərəfindən aparılan mənfi təbliğatın qarşısının alınmasında obyektiv həqiqətlərin önə çıxarılması zəruridir. Bu cür konfransların birinci əsas əhəmiyyəti — gənclərə reallıqların dolğun şəkildə çatdırılmasıdır. İkinci mühüm əhəmiyyəti isə ondan ibarətdir ki, gənclər bu proseslərdə aktiv şəkildə iştirak etməli, öyrənməli və dövlət quruculuğu sahəsində bilik və bacarıqlarını inkişaf etdirməlidirlər".
Müşfiq Məmmədli Azərbaycanın gələcəyinin inşasında Heydər Əliyev ideyalarının tam mənimsənilməsinin və həyata keçirilməsinin əsas amil olduğunu bildirib:
"Bu cür proseslər interaktiv xarakter daşıyır və həm gənclərimizin dövlətçilik ənənələrinə öz düşüncələri və yeni reallıqlar prizmasından baxmasını sürətləndirir, həm də onlarda “Mən Heydər Əliyev ideyalarının həyata keçirilməsində və Azərbaycan dövlətinin inkişafında hansı rolu oynaya bilərəm?” sualının formalaşmasına səbəb olur. Bu sualların meydana çıxması gənclərin sonrakı inkişafında və müstəqil Azərbaycanın memarı Heydər Əliyevin ideyalarını tam mənimsəyərək onların həyata keçirilməsində aktiv iştirak etmələrində mühüm rol oynayır. Bu baxımdan da bu cür konfransların keçirilməsi, onların əhəmiyyəti və təsiri son dərəcə vacibdir".
Pərvanə Fərhadqızı
QHT.az