Xəbərlər 14.04.2025 00:10 5683

"Öz güvəni olmayan kişilər münasibətlərdə nədən qaçır?" – QHT psixoloqu ilə MÜSAHİBƏ

Münasibətlərin sağlam və davamlı olması üçün qarşılıqlı emosional yetkinlik, şəffaflıq və güvən ön plandadır. Lakin bəzən qadınlar münasibətin əvvəlində maraq göstərən, lakin daha sonra səssizliyə çəkilən, qeyri-müəyyən davranan kişilərlə qarşılaşırlar. Bu davranışların kökündə isə çox zaman “öz güvəninin olmaması” kimi dərin psixoloji səbəblər dayanır.

Bu mövzu ətrafında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova ilə söhbət etdik. O, münasibətlərdə öz güvəni olmayan kişilərin davranış formalarını, səbəblərini və qadınların bu cür hallarda necə davranmalı olduqlarını QHT.az üçün şərh edib.

 

QHT.az: Samirə xanım, “öz güvəni olmayan kişi” dedikdə yalnız utancaq və ya sakit xarakterli biri nəzərdə tutulurmu?

Samirə İsmayılova: Xeyr, heç də belə deyil. Öz güvəni olmayan kişi sadəcə “özünü bəyənməyən” biri deyil. Bu, daha dərinə gedən bir məsələdir. Belə kişi öz dəyərinə inanmır, qarşı tərəfin onu sevməyə və qəbul etməyə səbəb tapmayacağını düşünür. Münasibət yaxınlaşanda geri çəkilir və əlaqəni açıq şəkildə idarə etmək yerinə, səssizliklə özünü qorumağa çalışır.

 

QHT.az: Bu cür kişilər münasibətlərdə özlərini necə aparırlar?

Samirə İsmayılova: Tipik davranış formaları var. Əvvəlcə yüksək diqqət göstərirlər, sanki çox maraqlanırlar. Amma münasibət emosional bağ mərhələsinə çatanda çəkilirlər. Susurlar, cavab vermirlər, qeyri-müəyyən davranırlar. Məsələn, “Gələcəm” deyib gəlmirlər və ya verdikləri sözə əməl etmirlər. Həmçinin qarşı tərəfdə güclü, özünə inamlı bir qadın görən zaman daha da geri çəkilirlər. Bu, onların içindəki qorxunun göstəricisidir.

 

QHT.az: Bu davranışların kökündə hansı psixoloji səbəblər dayanır?

Samirə İsmayılova: Adətən, uşaq yaşlarında yaşanan alçaldıcı təcrübələr, ata modelinin yoxluğu, təzyiqli ailə mühiti və ya keçmişdə yaşanmış rəddolunma travmaları rol oynayır. Eləcə də qadınlara qarşı inamsızlıq, özünü başqaları ilə müqayisə etmə meyli və sosial status, yaş fərqi, maddi komplekslər bu davranışlara təsir göstərir.

 

QHT.az: Belə bir kişi ilə qarşılaşan qadın nə etməlidir?

Samirə İsmayılova: Ən vacibi odur ki, qadın özünü günahlandırmasın. O kişinin susqunluğu qadının dəyərsiz olduğunu göstərmir. Qadın onu xilas etməyə çalışmamalıdır, çünki öz güvəni olmayan insan başqasının sevgisi ilə tam sağalmır. Bu, daxildən gələn bir prosesdir. Qadın öz duyğularını və gözləntilərini açıq şəkildə ifadə etməlidir. Amma eyni zamanda onun yetkin davranıb-davranmadığını müşahidə etməlidir. Əgər münasibətdə ardıcıllıq yoxdursa və şəffaflıq əksikdirsə, sərhədlər müəyyən olunmalıdır.

 

QHT.az:  Belə münasibətlərin sonu necə olur?

Samirə İsmayılova: Əgər kişi öz qorxularını aşmaq üçün səy göstərmirsə, münasibət davamlı ola bilməz. Münasibətlərdə yetkinlik yalnız diqqət və sevgi ilə bitmir. Bu, həm də məsuliyyət, ünsiyyət və qarşı tərəfi suallar içində buraxmamaqdır. Öz güvəni olmayan kişi bəzən sanki çox maraqlanırmış kimi görünə bilər, amma əslində o, qadını deyil, öz hissələrindən qorxur. Unutmayaq: qadının dəyəri kimin onu seçdiyi ilə deyil, onun özünü necə gördüyü ilə ölçülür.

 

QHT.az: Təşəkkür edirik, Samirə xanım. Münasibətlərə fərqli bir baxış bucağı gətirdiniz.

Samirə İsmayılova: Mən təşəkkür edirəm. Qadınlar duyğusal olaraq daha çevik və güclü olduqları üçün bu kimi vəziyyətlərdə özlərinə hörmət etməyi öyrənməli və həmişə dəyərlərinin fərqində olmalıdırlar.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı