Xəbərlər 08.04.2025 20:15 426

"Əlilliyi olan şəxslərin sosial inteqrasiyası üçün psixoloji baryerlər aradan qaldırılmalıdır" – QHT sədri

“Əlilliyi olan şəxslərin inteqrasiyası üçün qanuni baxımdan heç bir maneə yoxdur. Yetər ki, istək, həvəs və məqsəd olsun. Əlillik son deyil, sonun başlanğıcıdır.” – bu fikirləri “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında bildirib.

Səbinə Kərimovanın sözlərinə görə, hər bir ölkənin ümumi inkişafı onun vətəndaşının rifahı və firavanlığı ilə ölçülür:

"Prezident İlham Əliyevin sosial müdafiə sahəsinə, həssas qruplara xüsusi diqqət və qayğısı, əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin ildən-ilə güclənməsinə təkan verib. Bu gün Azərbaycan Respublikası, qüdrətli iqtisadiyyata və orduya, eyni zamanda güclü sosial siyasətə malik olan ölkələrdən biridir. Uğurlu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə sosial siyasət ildən-ilə güclənir, həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğı artırılır, ümumən sosial müdafiə sistemi daha da gücləndirilir."

QHT sədri bildirib ki, əvvəlki illərlə müqayisədə bu gün əlilliyi olan şəxslərin sosial həyata çıxış imkanları artıb:

"Bu gün əlilliyi olan şəxslərin sosial mühitə inteqrasiyası zamanı qarşılaşdıqları hüquqi maneələr əvvəlki illərə baxanda daha azdır. Çünki əvvəllər əlilliyi olan şəxslərin ümumilikdə sosial mühitə çıxışları belə yox səviyyəsində idi, həm qanun baxımından, həm də cəmiyyət baxımından. İndi isə ildən-ilə aparılan siyasətin nəticəsidir ki, bu gün əlilliyi olan şəxslər digər tipik insanlarla birgə cəmiyyətə öz töhfələrini verə bilirlər. Düzdür, hələ də bəzi maneələr qalmaqdadır. Lakin zamanla bu problemlər də öz həllini müsbət yöndə tapacaq. Şəhərlərin salınmasında əlilliyi olan şəxslərin nəzərə alınmaması bu gün daha çox çətinliklər yaradıb. Düşünürəm ki, azad olan torpaqlarımızda yeni salınan şəhər, qəsəbə və kəndlərdə məhz əlilliyi olan şəxslərin inteqrasiyası üçün şərait yaradılacaq. Onların rahat hərəkət etməsi üçün düzgün layihələr işlənəcək."

Əsas problemin psixoloji baryerlər olduğunu vurğulayan QHT sədri qeyd edib ki, insan qarşısına məqsəd qoyduğu halda ona çatmaq üçün yollar axtarır və tapır:

"Əsas onu qeyd etmək istəyirəm ki, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə tam inteqrasiyası, sosiallaşması qarşısında duran ən böyük əngəl psixologiyadadır. Əgər insan, fərqi yoxdur, əlilliyi olan şəxs olsun, ya da tipik insan olsun, əgər qarşısına bir məqsəd qoyursa, ona çatmaq üçün əlindən gələni edəcək. Əgər bu gün bir əlilliyi olan şəxs işləmək istəyirsə və sosial mühitə inteqrasiya etmək niyyətindədirsə, o, bunu edəcək. Hüquqi baxımdan bu gün çox az sayda inteqrasiyanın qarşısını alan qanunlar var. Demək olar ki, yox səviyyəsindədir. Çünki ölkəmiz 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulub və ölkəmizdə Konvensiyadan irəli gələn öhdəliklər uğurla yerinə yetirilir. 31 may 2018-ci ildə qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu, əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir".

Sonda QHT sədri vurğulayıb ki, sosial inteqrasiya və hüquqi bərabərlik yolunda görülən işlər davamlı və sistemli şəkildə həyata keçirilməlidir:

"Qanun, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Bu o deməkdir ki, əlilliyi olan şəxslərin inteqrasiyası üçün qanuni baxımdan heç bir maneə yoxdur. Yetər ki, istək, həvəs və məqsəd olsun. Yerdə qalan bütün problemlər özlüyündə həllini tapacaq. Əlillik son deyil, sonun başlanğıcıdır."

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı