3 Mart – Beynəlxalq Qulaq və Eşitmə Günüdür: QHT sədrindən AÇIQLAMA
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə qulaq və eşitmə sağlamlığının qorunmasına həsr edilib. Məqsəd – eşitmə problemləri barədə maarifləndirmək və onların qarşısını almaqdır.
"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı QHT.az-a bildirir ki, eşitmə itkisi dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Təxminən 360 milyon insan bu problemlə yaşayır:
"Əsas səbəblər arasında genetik faktorlar, infeksiyalar, yüksək səsə uzunmüddətli məruz qalmaq və bəzi dərmanlar var. Təssüf ki, bu gün gənclərimiz də risk altındadır! ÜST-nin araşdırmalarına görə, 12-35 yaşlı insanların 1,1 milyardı eşitmə itkisi riski ilə üz-üzədir. Diskotekalar, məkanlarda düzgün tənzimlənməyən səsgüclənditicilər bu gün bəzi gənclərin olmazsa olmazı qulaqcıqlar və onlardan uzun müddət yüksək səsdə istifadə birbaşa eşitməni zədələyir.
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi olaraq yalnız gəncləri deyil, hər kəsi səsləyirik: “Eşitməni qoru! Qulaqcıqlarla musiqiyə uzun müddət və yüksək səslə qulaq asma!
Gürültülü mühitlərdə çox qalmamağa çalış! Eşitmə problemlərin varsa, həkimə müraciət et!”
Təşkilatımızın “Səssizliyin səsi olaq!” şüarı isə bizim hər zaman, hər yerdə səsləndirdiyimiz şüardır".