QHT-nin təşkilatçılığı ilə xalq artisti şəhid övladlarına ustad dərsi keçdi - VİDEO
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil etdiyi “Şəhid övladlarının incəsənət akademiyası” layihəsinin növbəti dərs həftəsinin qonağı xalq artisti Fidan Hacıyeva oldu.
QHT.az xəbər verir ki, 15 fevral tarixində akademiyanın musiqi qrupu ilə keçirilən dərs maraqlı, rəngarəng məqamları ilə yaddaşlarda dərin izlər buraxdı. Fidan Hacıyeva akademiya iştirakçılarına dünya musiqi mədəniyyətinin, eləcə də Azərbaycan bəstəkarlarının əsərləri barədə ustad dərsi keçdi. Dərsin davamında musiqisi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya, sözləri isə Xalq şairi Vahid Əzizə məxsus “Şuşam mənim” mahnısı Fidan Hacıyeva və uşaq xorunun ifasında, Könül Hüseynovanın müşayiəti ilə səsləndirildi.
Xalq artisti şəhid əmanətlərinin ifa etdikləri digər mahnı və pyeslərin də ifasını çox bəyənərək onlara öz məsləhətlərini böyük sevgi ilə çatdırdı, həmçinin istedadlı balalara yeni layihələrində uğurlar arzuladı.