Heydər Əliyevin qadın siyasətində tarixi rolu - Şərqiyyə Dadaşovanın fikirləri
Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova Ulu Öndər Heydər Əliyevin inkişaf yolu və qadın siyasəti ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, Heydər Əliyev ölkədə qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin olunması, qadınların inkişafı üçün bərabər və ədalətli iş mühitinin yaradılması istiqamətində tarixi addımlar atmışdır. Ümummilli Lider qadınların təhsili, fiziki sağlamlığı və onların müxtəlif sahələrdə irəliləməsi üçün geniş imkanlar yaratmışdır:
"Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar sayəsində ölkədə qadın hüquqlarının müdafiəsi gücləndirilmiş, onların ictimai-siyasi və iqtisadi həyatda fəallığı artırılmışdır. 1998-ci ildə imzalanan “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman, 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman və 2000-2005-ci illəri əhatə edən Milli Fəaliyyət Planı qadınların sosial rifahının yüksəldilməsinə mühüm töhfə vermişdir. Ümummilli Lider qadınların idarəetmədə iştirakını önəmli saymış, onların dövlət siyasətində və qərarqəbuletmə prosesində rolunun artırılmasını vacib hesab etmişdir. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan qadınları dövlət qurumlarında, Milli Məclisdə, biznes sahəsində, elm və təhsil sektorunda geniş təmsil olunurlar".
Şərqiyyə Dadaşova qeyd edib ki, Heydər Əliyevin ailəyə və qadınlara münasibəti onun şəxsiyyətinin ayrılmaz hissəsi olub. O, qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirmiş, Zərifə Əliyeva kimi bir xanımla qurduğu ailə modelini gənclərə nümunə göstərmişdir. Ulu Öndər hər zaman bildirirdi ki, ailə dəyərlərinin qorunması və gücləndirilməsi, qadınların layiqli şəraitdə yaşaması və işləməsi dövlətin prioritetlərindən biri olmalıdır.
Sonda Şərqiyyə Dadaşova bildirib ki, bu gün ölkədə qadınların sosial rifahı və hüquqlarının qorunması istiqamətində həyata keçirilən layihələr Heydər Əliyevin qadın siyasətinin uğurlu davamıdır. Qadınların hüquqlarının müdafiəsi, onların müxtəlif sahələrdə inkişafı, sağlamlıq imkanları məhdud qadınların və qaçqın qadınların sosial təminatının gücləndirilməsi istiqamətində aparılan işlər məhz Ulu Öndərin siyasi irsinin tərkib hissəsidir.
Qeyd edək ki, 1998-ci ilin fevral ayının 13-14-də Heydər Əliyev Türkiyədə qısamüddətli işgüzar səfərdə olub. Səfər çərçivəsində Türkiyənin Sənaye və İş Adamları Vakfı tərəfindən 1997-ci ilin insan haqları və ilin dövlət adamı mükafatı, həmçinin planetimizin siyasi xadimləri arasında Heydər Əliyevə “Dünyada ilin adamı” fəxri adı təqdim edilib.
Pərvanə Fərhadqızı