Layihə çərçivəsində məktəblərdə maarifləndirici təlimlərə start verilib - FOTOLAR
“Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sənaye Korporasiyası, “AzerGold” QSC və ADA Universitetinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, ADA Məktəbi və Azərbaycan Mühəndislik Akademiyasının dəstəyi ilə icra olunan “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində məktəblərdə maarifləndirici təlimlərə start verilib.
QHT.az xəbər verir ki, Bakı şəhər Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə keçirilən ilk təlimdə iştirakçıları salamlayan Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygün Nərimanova iqlim dəyişikliyinin insan sağlamlığına təsirləri, karbon və istixana qazlarının emissiyasının azaldılmasında alternativ enerji mənbələrinin tətbiqi, COP29 tədbirinin əhəmiyyəti barədə geniş məlumat verib. Daha sonra layihə çərçivəsində keçirilən layihə müsabiqəsində qalib komandalardan seçilən iqlim səfirləri öz layihələrini təqdim edərək layihə çərçivəsində qurulacaq ağıllı istixana modeli haqqında danışıblar.
Daha sonra Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü gimnaziyanın şagirdləri Xankişiyeva Şəhla və Nebi Fecrin Mini çay təmizləyici “drifters” layihəsi çərçivəsində keçirilən fəaliyyətləri haqqında danışıblar, həmçinin şagirdlərin iqlim dəyişmələrinə qarşı görəcəyi tədbirlər haqqında məlumat veriblər.
Təlimin sonunda 36 nömrəli məktəbin bir qrup şagirdi tərəfindən yaradılan eko-bağçaya ziyarət edilib.