Xəbərlər 19.11.2024 18:45 379

"Azərbaycan təbiəti əsrarəngizdir və qorunmağa layiqdir" – Zenfira Mustafayeva

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva  QHT.az -a özəl açıqlamasında COP 29 konfransı ərəfəsində prezident İlham Əliyevin ekosistemin məhv edilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə imzaladığı qanunun əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu dəyişikliklər ekologiyaya külli miqdarda ziyan vuran şəxslərin 10 ildən 15 ilə qədər cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutur.

Zenfira Mustafayeva bildirib:

“COP 29 ərəfəsində prezident İlham Əliyev Cinayət Məcəlləsində ekosistemin məhvi ilə əlaqədar olaraq cərimələrin artırılması və bundan əlavə cinayət məsuliyyətinə cəlb olunma ilə bağlı yeni qanun imzalayıb və bu qanun Milli Məclisin müzakirəsinə göndərilib. Burada külli miqdarda ekologiyaya ziyan vuranlar 10 ildən 15 ilə qədər məsuliyyətə cəlb oluna bilərlər. Çox yaxşı göstəricidir və çox vacibdir ki, doğrudan da ekologiyaya ziyan vuranlar, ekologiyanın məhvinə səbəb olan insanlar belə bir məsuliyyətə cəlb olunsunlar. Əlbəttə ki, bu məsuliyyətə cəlb olunan insanlar digərlərini də ekologiyaya ziyan vurmaqdan çəkindirəcək.

Bizdə heyvanların hüquqlarının qorunması ilə əlaqədar qanunvericilikdə müəyyən maddələr mövcuddur, lakin bu maddələrdə əsasən xırda cərimələr nəzərdə tutulurdu. Bu isə brakonyerliklə məşğul olan şəxslərin müəyyən cərimələr ödəyərək məsuliyyətdən yayınmasına şərait yaradırdı. Hətta meşələrə külli miqdarda ziyan vuranlar belə cərimələrlə canlarını qurtarırdılar”.

O, Azərbaycanın zəngin təbiətini xüsusi vurğulayaraq bildirib:

“Azərbaycan təbiəti çox əsrarəngizdir. Cənub bölgəsində dünyanın heç bir yerində rast gəlinməyən dəmir ağac, müəyyən palıd və çinar növləri mövcuddur. Eyni zamanda, yalnız Azərbaycan təbiətinə məxsus olan heyvan növləri ilə də fəxr edə bilərik. Bu müxtəliflik həm ekoloji, həm də milli sərvətimizdir. Cənub bölgəsindəki meşələrdə elə ağac növləri var ki, dünyanın başqa heç bir ölkəsində yoxdur. Məsələn, dəmir ağac, bəzi palıd və çinar növləri, habelə ot növləri buna misaldır. Eyni zamanda, Azərbaycanın özünəməxsus heyvan növləri də mövcuddur. Sevindirici haldır ki, belə bir qanun qəbul olunub. Bu qanun həm heyvanların hüquqlarını, həm də flora və faunamızı qoruyacaq, ekosistemi məhv edən şəxsləri cəzalandıracaq. Bu, digərləri üçün də dərs olacaq ki, Azərbaycanın təbiətinə ziyan vurmasınlar.

COP 29-un əsas məqsədi ekologiyanın və ümumilikdə təbiətin yaxşılaşdırılmasıdır. Havanın oksigenlə zənginləşdirilməsi, Günəşdən Yer kürəsinə gələn ziyanlı ultrabənövşəyi şüaların təsirinin azaldılması vacibdir. Bunun üçün atmosfer təbəqəsi bərpa olunmalı, ekosistem daha da yaxşılaşdırılmalıdır. Çünki Yer kürəsində oksigeni təmin edən əsas mənbə bitki örtüyüdür. Eyni zamanda, zərərli maddələrin təmizlənməsində heyvanların və digər canlıların rolu böyükdür”.

Zenfira Mustafayeva həmçinin qeyd edib ki, COP 29-un əsas məqsədi ekosistemin bərpasını təmin etmək və atmosferin ziyanlı təsirlərdən qorunmasını gücləndirməkdir. O əlavə edib:

“Yer kürəsində canlılar bir zəncirvari əlaqə əsasında yaşayır. Bu zəncirin bir halqası qırıldıqda, digər hissələr də məhv olma təhlükəsi ilə üzləşir. Məsələn, ot yeyən heyvanlar ət yeyən heyvanların qidasıdır. Eyni zamanda, ət yeyən heyvanlar xəstə heyvanları məhv edərək digər heyvanların sağlam qalmasını təmin edirlər. Bioloji aləmdə belə bir tarazlıq mövcuddur. İnsanlar çalışmalıdırlar ki, təbiətə mümkün qədər az ziyan vursunlar və təbiəti qorusunlar”.

Qanunun qəbul edilməsi ilə Azərbaycanın təbiətinin qorunması istiqamətində daha əhəmiyyətli addımların atılacağını ifadə edən QHT sədri bu tədbirlərin gələcək nəsillərə təmiz və sağlam təbiət mirası qoymaq baxımından vacibliyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı