Professorun neft qiymətlərinin dünya iqtisadiyyatı üzərindəki təsiri haqqında AÇIQLAMASI
Neftin qiyməti bir qədər aşağı düşür. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində avqust ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,1 dollar (0,12%) ucuzlaşaraq 80,66 dollar olub.
Bəs qlobal iqtisadiyyatın zəifləməsi və ya güclənməsi neft qiymətlərinə necə təsir edir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov neft ixrac edən ölkələrin qiymətləri stabilləşdirmək üçün gördükləri tədbirlər haqqında QHT.az-a danışıb:
"Hesab edirəm ki, bu yeni OPEC Plus formatı bu qiymətlərin sabitliyinə şərait yaradır, bu əməkdaşlıq qorunmalıdır, əks halda qiymətlərdə kəskin enmələr ola bilər ki, bu da sözsüz ki, bir çox neft hasilatçıları dövlətləri üçün çox böyük iqtisadi və sosial problemlərə səbəb ola bilər. Biz eyni zamanda qiymətlərə təsirlər baxımından geosiyasi amillərin də rolunu nəzər almalıyıq. Bununla yanaşı, neft bazarında spekulativ amilləri də nəzərə almaq lazımdır, yəni möhtəkirliklə bağlı amillər mövcuddur ki, bunlar da neft qiymətlərinə təsirlər göstərir. Bu bütövlükdə isə hesab edirəm ki, hasilatçılar arasında razılaşmaların olması şərti ilə qiymətlərin sabit qalacağını böyük ehtimalla proqnozlaşdırmaq olar".
Professor qiymətlərin sabitliyinin hansı göstəricilər ətrafında formalaşmasının məqsədəuyğunluğuna gəlincə qeyd edib ki, qiymətlərin kəskin bağlaşması da neft asilatçıları üçün arzuolunan deyil: "Çünki o, son nəticədə bazardakı tələbin azalmasına gətirəcəkdir, həmin prosesdə sonra qiymətlərin kəskin düşməsinə səbəb ola bilər. Ona görə hasilatçılar üçün təqribən indiki göstəricilər ətrafında qiymətlərin saxlanılması zənnimcə daha məqsəduyğundur".
Pərvanə Fərhadqızı
QHT.az