Xəbərlər 20.06.2024 15:01 2524

“Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir Zaqatalada keçirilib - FOTOLAR

“Tala kəndi hər zaman dövlətçiliyə sədaqəti ilə seçilib. Bu kəndin igid oğlanları həm birinci Qarabağ savaşında könüllü vuruşub, həm də Vətən müharibəsi zamanı dövlətin çağırışına anında cavab verərək yüzlərlə gənc döyüşlərə getmək üçün hərbi komissarlığa müraciət edib. Onların böyük əksəriyyətinə bu döyüşlərdə iştirak etmək nəsib olmayıb. Müharibə qısa müddətdə, düşmənin heç gözləmədiyi bir qələbə ilə başa çatdı. Döyüşə gedən igidlərimiz öz üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmiş və düşməni torpaqlarımızdan qovub çıxarmağa nail  olmuşlar. Belə bir kəndin gəncləri ilə məram və məqsədi vətənpərvərlik, həmrəylik, milli birlik olan layihənin tədbirini keçirmək, həqiqətən “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi üçün də qürurverici idi". 

QHT.az xəbər verir ki, bu sözləri “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsinin layihə rəhbəri Elmira Mehdiyeva bildirir. O qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsi çərçivəsində Zaqatala rayonunun Telman Yunusov adına Yuxarı Tala kənd 2 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib. İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə İctimai Birliyin sədri və layihənin rəhbəri Elmira Mehdiyeva açaraq iştirakçıları layihənin məqsəd və məramı ilə ətraflı tanış edib.

Layihənin eksperti İbrahim İbrahimov Vətən müharibəsində qazanılan qələbənin şərəfli tarixindən söz açır. O deyir ki, Ali baş komandanımız İlham Əliyev dönə-dönə qeyd edib ki, biz hərbi texnikamızı nə qədər gücləndirsək də, yeni döyüş texnikalarından istifadə etsək də müharibəni Azərbaycan əsgəri uddu. Azərbaycan əsgər və zabiti öz döyüş əzmi ilə, iradəsi ilə mənfur düşmənə qalib gəldi. Əsgərlərimizin bu qəhrəmanlığı tarixdə yaşayacaq, onu gələcək nəsillərə ötürmək bizim borcumuzdur.

Dəyirmi masanın iştirakçıları da belə maarifləndirici tədbirlərin 44 günlük Vətən müharibəsində qazanılan zəfərin yaddaşlara həkk olunmasında rolu böyük olduğunu bildirdilər.  Məktəbin müəllimi  Humay Şabanova deyir: əminliklə demək olar ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir. Vətən müharibəsinin tarixi qələbə ilə başa çatması hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratmışdır. Hər bir şəhidin döyüş yolu bir qəhrəmanlıq hekayəsidir. Həm şəhidlərin, həm də veteranların keçdikləri döyüş yolu öyrənilməli, məktəblərdə onların qəhrəmanlıqları şagirdlərə aşılanmalıdır.

Məktəbin yenicə məzunu olan İkram İsayev, Ramin İsayev, Zəhra Səmədova, Amil Ömərov, Famil Əliyev, Pəri Abdullayeva və başqaları bildirirlər ki, onlar müstəqil həyata yenicə qədəm basıblar. Çalışacaqlar ki, vətənə, xalqa layiq övladlar olsunlar, şəhidlərin qanı bahasına qazanılan qələbəyə öz töhfələrini versinlər. Yuxarı Tala kənd 1 saylı kitabxananın müdiri Cəlalə Xürmayeva bildirir ki, o qazi anasıdır. Onun oğlu Şuşaya kimi böyük bir döyüş yolu keçib. Mən o zaman xalqın birliyinin nəyə qadir olduğunu gördüm. Yuxarı Tala 3 saylı kitabxananın müdiri Rəqsanə Darçınova isə bildirir ki, yüksək mənəvi dəyərlərə yiyələnmək üçün mütaliə etmək lazımdır. Mən yeniyetmə gənclərimizi mütaliəyə dəvət edirəm.

Dəyirmi masada çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Gülzar Qaziyeva layihənin əhəmiyyətini qeyd edir. O deyir ki, gəncliyin formalaşmasında, onlarda vətənpərvərlik hisslərinin aşılanmasında məktəblə yanaşı belə tədbirlər də mühüm rol oynayır.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı