Xəbərlər 07.06.2024 19:30 5411

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  tərəfindən Sumqayıt Tibb Mərkəzinə media-tur təşkil olunub - FOTOLAR

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Sumqayıt Tibb Mərkəzinə (Mərkəz) media-tur təşkil olunub.

QHT.az xəbər verir ki, səfərin məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Mərkəzin fəaliyyət istiqamətləri ilə, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub. Media-tur iştirakçıları Mərkəzin nəzdində fəaliyyət göstərən 2 nömrəli Xəstəxanası və Perinatal Mərkəzlə də tanış olublar.

Mərkəzin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, strukturu və həyata keçirilən işlər barədə məlumat verib.

E.Azadxanov bildirib ki,  Sumqayıt Tibb Mərkəzinin nəzdində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, PerinatalMərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir:

 

“Tibb müəssisələrinin işinin daha optimal şəkildə qurulması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür, müəssisələrin fəaliyyətində şəffaflığın artırılması, müasir tibbi texnologiyaların tətbiqi sahəsində addımlar atılır.

2023-cü il ərzində Mərkəz tərəfindən vətəndaşlara 4 milyon 600 minə yaxın xidmət göstərilib. 2024-cü ilin ilk 5 ayında vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə xidmət sayı 30 faizə yaxın artıb”.

Mərkəzin direktor müavini Ramin Qasımov 2 nömrəli Xəstəxanada yeni tibbi xidmətin - birgünlük cərrahiyyənin yaradıldığını diqqətə çatdırıb:

“Əvvəllər üç-dörd gün davam edən cərrahiyyə prosesi hazırda dörd-beş saatlıq qısa müddətə qədər endirilib. Bu dəyişiklik cərrahiyyə və anesteziologiya sahəsindəki texnoloji inkişafla bağlıdır. Belə ki, laporoskopik, lazerli tibbi alətlərin təkmilləşdirilməsi və miniatürləşdirilməsi, müasir ləvazimatlardan istifadə, dataların sürətli analizi üçün fiber-optik sistemlərin qurulması kimi yeniliklər sayəsində pasiyentlərə qısa müddət ərzində cərrahi əməliyyat təyin etmək və icra etmək mümkün olacaq”.

Mərkəzin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli bildirib ki, müəssisə "Körpə Dostu Klinikası" təşəbbüsünə qoşulub:

“Perinatal Mərkəz yalnız Sumqayıt əhalisinə deyil, özəl və ya digər regionlarda fəaliyyət göstərən TƏBİB-in tabeli tibb müəssisələrindən də pasiyentləri qəbul edir. 2023-cü ildə regionlardan 349 yenidoğulmuş, 128 hamilə qəbul edilib. Müəssisədə təbii və cərrahi doğuşlarla yanaşı, açıq və laporoskopik, ginekoloji əməliyyatlar da həyata keçirilir”.

 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, TƏBİB tərəfindən tabeli tibb müəssisələrində əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasıistiqamətində işlər davam etdirilir:

 “TƏBİB-in tabeli tibb müəssisələrində 2024-cü ilin yanvar-mart ayları ərzində vətəndaşlara 5 852 017 tibbi xidmət göstərilib. Qeydə alınan tibbi xidmətlərin 888 708-i stasionar, 4 963 309-u isə ambulator şəraitdə göstərilib. Göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-mart ayları üzrə 96 %, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 % çox olub”.

 Z.Ədilova əlavə edib ki, TƏBİB-in Kommunikasiya strategiyasına uyğun olaraq, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr fəaliyyəti təkmilləşdirilir, bu istiqamət üzrə işə ixtisaslı kadrlar cəlb olunur və onların bilik-bacarıqlarının artırılması üzrə vaxtaşırı təlimlər keçirilir, eləcə də mütəxəssislərin fəaliyyəti qiymətləndirilir:

“Sumqayıt Tibb Mərkəzində də İctimaiyyətlə əlaqələr bölməsi mövcuddur. Bölmə tərəfindən müəssisənin fəaliyyətlərinə və  Kommunikasiya strategiyasına uyğun olaraq əhalinin məlumatlandırılması və maarifləndirilməsi həyata keçirilir”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığortanın tətbiqindən sonra Sumqayıt Tibb Mərkəzində həyata keçirilən yeniliklər barədə danışıb:

 

“Mərkəz maddi-texniki bazanın gücləndirilməsi məqsədilə 300-dən çox yeni tibbi avadanlıqla təchiz edilib. Bura KT, MRT, C-qollu rentgen, Fako cihazı (kataraktanın lazerlə aradan qaldırılması), A-B skan (göz almasının ultrasəs müayinəsi) və digər cihazlar aiddir. Eyni zamanda sığortanın tətbiqindən sonra burada dördüncü səviyyəli mərkəzləşdirilmiş laboratoriya fəaliyyətə başlayıb. Perinatal Mərkəzdə daha öncə icra olunmayan - laporoskopik ginekoloji, neonatal cərrahi, uşaqlarda isə laporoskopik və  neyrocərrahi əməliyyatlar icra olunur. 2022-ci ildən bu günədək Mərkəzdə 42 075 sayda cərrahi əməliyyat icra olunub. Bura fəqərəarası diskin kəsiklə çıxarılması, uşaqlığın çıxarılması və digər əməliyyatlar daxildir. Bütün bu görülən tədbirlər Agentliyin əsas hədəflərindən olan tibbi xidmətlərin əlçatanlığının təminatına və keyfiyyətin artmasına yönəlib”.

Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələri Sumqayıt Tibb Mərkəzində ilk dəfə icra olunan endoprotez əməliyyatını canlı izləyiblər.

Sonda media-tur iştirakçıları tibb müəssisəsində müayinə olunublar.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı