Xəbərlər 27.03.2024 12:35 1422

"Solovyov Rusiyada o şəxslərdəndir ki, öz fərdi maraqları naminə ən iyrənc işlərə baş vurur"- Elşad Məmmədli

"“Crocus City Hall”da martın 22-də törədilən dəhşətli terror hadisəsi hazırda bütün dünyanın diqqət mərkəzindədir. Öncə onu qeyd edək ki, terror ümumbəşəri bir bəladır, harada törədilməsindən asılı olmayaraq bütün cəmiyyətlərə mənəvi-psixoloji mənfi təsirlər göstərir. Günahsız adamların, körpələrin terror qurbanı olması olduqca ağır faciədir".

Bu sözləri “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu kimi faciələrdən özünü iyrənc məqsədləri, korporativ maraqları naminə yararlanmaq cəhdləri isə deyərdim ki, ən murdar davranışdır: "Bunu Vladimir Solovyov etdi. Solovyov faktiki olaraq erməni ağzı ilə danışır və onun burada maddi, korporativ maraqları var. Yəni pul verib, Azərbaycana qarşı böhtan atdırırlar. Solovyov Rusiyada o şəxslərdəndir ki, öz fərdi maraqları naminə ən iyrənc işlərə baş vurur. Bu da onun növbəti belə əməllərindəndir. Onun hansı mənəviyyatın sahibi olduğunu heç şübhəsiz ki, Rusiya siyasi elitası, Kremldə də bilirlər. Hesab etmirəm ki, belə bir tipin məlum terrordan istifadə edərək, ermənilərə xoş gəlsin deyə Azərbaycana qarşı iftiralar səsləndirməsi Rusiya-Azərbaycan münasibətlərinə təsir göstərsin. Bu, qətiyyən mümkün deyil".

Elşad Məmmədli həmçinin bildirib ki, Rusiyanın rəsmi qurumları açıq bəyanatla bildirirlər ki, terroru İŞİD üzvü olan şəxslər törətsə də, bunun arxasında Qərb dairələri və Ukrayna dayanır: "Solovyov uydurmaları ilə faktiki olaraq öz ölkəsinin rəsmilərini də ələ salmış olur. Hüquqi baxımdan Rusiyanın hüquq-mühafizə orqanları Solovyovu böhtan atdığına, qəsdən çaşqınlıq yaratdığına görə cəzalandırmalıdır. Onun etdikləri həm də jurnalist etikasına sığmır. Eyni zamanda jurnalistin belə bir böhtanı ictimai olaraq səsləndirməsi ağır cinayət əməlidir. Mümkündür ki, Azərbaycanın müvafiq qurumları onun cəzalandırılmasını Rusiya hüquq mühafizə orqanlarından tələb etsin. Bu terroru icra edənlər tutulub, onlar istintaqa əhatəli danışıblar və hər şey bəllidir". 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı