Xəbərlər 13.03.2024 15:25 3366

"Qohum nikahlarla bağlı geniş tibbi araşdırmalara ehtiyac var" - Zenfira Mustafayeva

Bağlılık, qohumluq, və mədəni fərqliliklər... Nikahlar, insan ictimaiyyətində geniş münasibətə səbəb olan bir mövzudur. Lakin bir sıra nikahlar, cəmiyyətdə mühüm sualları da doğurur. Qohumlar arasında bağlanan nikahlar, ictimaiyyətin diqqət mərkəzindədir. Bu məsələ, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişikliklərin təklif edilməsinə səbəb olur.

Bəs qohum nikahlarının mənfi nəticələri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi necə artırıla bilər və bu məsələ ilə bağlı cəmiyyətdə daha geniş müzakirə və maarifləndirməyə nail olmaq olar?

QHT.az suala aydınlıq gətirmək üçün Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayevadan açıqlama alıb. QHT sədri bildirib ki, qohum  nikahlar iki cür olur: “Birincisi, yaxın qohumlar arasında, yəni valideyin, bacı-qardaş nəzərdə tutulur. Yaxın qohumlar bacı, qardaş, valideyin, övlad arasında nikahın qadağan olunması Ailə məcəlləsinin 12-ci maddəsində var. Bu qadağa tibbi araşdırmalar, bu nikahların insanlar arasında tibbi zədələri doğurduğu statistikaya əsasən qəbul olunub. İkincisi, digər qohumlar, yəni nənə və babası eyni olan, xala uşaqları, bibi uşaqları, əmi uşaqları, dayı uşaqları nəzərdə tutulur ki, hər hansı tibbi fəsada səbəb olması haqqında məlumat varsa, bu tibbi araşdırmanın aparılmasına ehtiyac yaradır. Bu tibbi araşdırmalar nəticəsində məlum olsa ki, belə nikahlardan doğulan uşaqlarda da tibbi fəsadlar varsa, onda həmin nikahların qadağan olunması haqqında qanun qəbul oluna bilər. Bu məsələ ilə bağlı geniş tibbi araşdırmalara ehtiyac var”.

Hər hansı qanunun qəbul olunması, dəyişdirilməsi, ona əlavə olunması elmi tədqiqatlara, elmi rəsmi statistikaya əsaslanmalı olduğunu qeyd edən Zenfira Mustafayeva əvvəllər valideyinlər qohumla evlənməyin tərəfdarı olsalar da gənclərin buna qarşı çıxdıqlarını, lakin son dövrlərdə bunun əksini gördüyümüzü də vurğulayıb: “Belə nikahlara təhsilli olmayan ailələrdə daha çox rast gəlinir. Xəstəliklər qədimdən qohum nikahdan doğulan uşaqlarda kütləvi olub. Evlənməyə hazırlaşan cütlüklər tibbi arayış alarkən irsi xəstəliklər barədə onlar mütləq məlumatlandırılmalıdırlar. Orta məktəblərdə şagirdlər, valideyinlər daimi olaraq seminarlara cəlb olunmalıdırlar. Tv kanalları, sosial şəbəkələr vasitəsi ilə, QHT-lər bölgələrdə ailələrlə işləməlidirlər. Maariflənmə zamanı baş vermiş faktiki nümunələrdən, xəstə doğulmuş uşaqlara aid təsirli slaydlardan, videolardan, şəkillərdən istifadə olunmalıdır”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı