Ermənistan rəhbərliyi Xocalı soyqırımına görə üzr istəməlidir - EKSPERT/ÖZƏL
Xocalının dərhal bərpasına başlanılması mənəvi baxımından hər birimiz üçün böyük əhəmiyyət daşıyır
Xocalı soyqırımı XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətdir, soyqırımdır. Törədilən bu soyqırımı hadisəsi, təkcə Azərbaycan xalqına deyil, insanlığa qarşı işlənmiş ən ağır cinayətlərdən biridir.
Bu fikirləri "İki sahil"ə özəl açıqlamasında "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə açıqlayıb.
“Dəyişən və inkişaf edən dünya düzənində, beynəlxalq hüquq müdafiə sisteminin formalaşdığı XXI əsrin astanasında baş vermiş Xocalı soyqırımı aktı bəşəriyyət üçün həm də bir utanc mənbəyidir. Ermənistanın Azərbaycana təcavüzü dövründə təkcə Xocalı soyqırımı deyil, yüzlülərə soyqırımı elementini özündə cəmləyən erməni vəhşilikləri baş vermişdir. Bu erməni vəhşiliklərini birləşdirsək və vahid formada təqdim etsək, Xocalı kimi yüzlərlə soyğırım aktının şahidi olarıq. Bu faktlar həm də onu sübut edir ki, Ermənistan Azərbaycan hərbi təcavüzü dövründə Azərbaycanlılara qarşı kütləvi soyqırımı aktların, hərbi cinayətləri həyata keçirib.”
Şəhidlərimizin qanı yerdə qalmadı
Təşkilat sədri, eyni zamanda, qeyd edib ki, rəşədaətli ordumuz Müəzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində torpaqlarımızı azad etməklə, eləcə də 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərini separatçılardan təmizləməklə Xocalı faciəsi qurbanlarının da qisasını aldı və şəhidlərimizin qanı yerdə qalmadı.
“Bir zamanlar soyqırımı və dağıntılara məruz qalan Xocalının azad olunması xalqımızın üçün ən əlamətdar hadisələrdən biri idi. Ona görə də Xocalının dərhal bərpasına başlanılması mənəvi baxımından hər birimiz üçün böyük əhəmiyyət daşıyır. Xocalı sakinləri tezliklə beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıdacaqlar.”
İşğal həyata keçirmiş dövlətin üzərinə öhdəliklər qoyulmalıdır
C. Hüseynzadənin əlavə edib ki, bu gün iki ölkə arasında sülh danışıqları gedir və müxtəlif ölkələr bu danışıqlarda rol almaq istəyir. Bir çoxunun da əsas məqsədi Ermənistanı müdafiə etməkdir. “Amma sülh müqaviləsi özü-özlüyündə günahkarların cəzalıdrılmasını və işğal həyata keçirmiş dövlətin üzərinə öhdəliklərin qoyulmasını ehtiva etməlidir. Bu, beynəlxalq münasibətlərin sisteminin, beynəlxalq hüququnun vacib qaydasıdır. Bu, həm də müharibələrin yekunları ilə bağlı yüz illərlə formalaşan vacib ənənədir. İşğalçı, müharibəyə başlayana, başqasının ərazisini işğal edən dövlət etdiyi hərəkətə görə məsuliyyət daşımalıdır. Bu hərəkətinin qarşılığında cavab verməlidir. II Dünya müharibəsinin nəticələrini xatırlasaq görərik ki, Almaniya təzminatdan tutmuş, silahlanmağa məhdudiyyətlərə qədər cəzalar aldı. Çünki bir daha həmin işğalçılıq siyasətini həyata keçirməsin. Almaniya prezidenti və kansleri II dünya müharibəsi dövründə Polşada törədikləri qətliamlara görə hər il almanlar adından üzr istəyir və yaxud başqa ölkələrdə törədikləri faciələr görə həmin xalqlardan üzr istəyirlər. Niyə bu ğun Ermənistan rəhbərliyi ermənilərin Xocalıda törədikləri soyqırımı aktında görə üzr istəmir? Məncə sülh danışıqlarının gündəliyinə həm də bu məsələlər daxil edilməlidir. Azərbaycan sülh müqaviləsində Ermənistanın etdiklərinə görə məsuliyyətini və sülhə sadiqlik haqqında öhdəliyini almaq üçün kifayət qədər əsasları var.”
Faciələrimizi də unutmamalı, gələcək nəsillərə çatdırmalıyıq
Təşkilat sədri vurğulayıb ki, şanlı qələbələrimizi və zəfərlərimizi qurur hissi ilə təbliğ etməklə yanaşı, faciələrimizi də unutmamalı, gələcək nəsillərə çatdırmalıyıq: “Bu, təbliğat işində vətəndaş cəmiyyəti təşkilatlarının da öhdəsinə mənəvi məsuliyyət düşür. Sözsüz ki, müxtəlif alətlərlə paralel olaraq bu iş aparılmalıdır. Ən yaxşı yollardan biri də bədii və sənədli filmlərin hazırlanmasıdır, çünki bu, gələcək nəsillər üçün etibarlı bir mənbədir. Tarixi hadisələrin yaddaşlarda qalmasında xidmət edən ən yaxşı yollardan biri məhz hadisələrin vizuallaşdırılmasıdır. Digər vacib məqam isə beynəlxalq tribunalarda erməni cinayətlərini qaldırmaqadır".
Yaqut Ağaşahqızı, “İki sahil”