Umud Mirzəyev: “İlham Əliyev Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırdı”
“İlham Əliyev Azərbaycan prezidenti seçilməsinin 20-ci ildönümü günündə tarix yazdı. Azərbaycan bayrağını Xankəndidə qaldırdı. Bütün dünyaya bir daha sübut etdi ki, Qarabağ Azərbaycandır”.
QHT. az bildirir ki, bu sözləri Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib. Onun sözlərinə görə, İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Uğurlu siyasət yürüdən dövlət başçımız Xankəndidə, Qarabağda bir tarix yazdı.
“Bu gün artıq birmənalı olaraq demək lazımdır ki, İlham Əliyev həm Ulu Öndərimiz Heydər Əliyevin, həm də Azərbaycan xalqının bütün ümidlərini doğruldub. 30 ilə yaxın müddət ərzində Azərbaycan xalqının ən ağrılı yeri Qarabağ problemi həll edildi. Ərazi bütövlüyümüzün bərpa edilməsi, xalqımızın etimadını qazanması İlham Əliyevi Azərbaycan tarixinə qızıl hərflərlə yazıdırdı. İlham Əliyev xalqın etimadını qazanaraq bu vəzifəyə seçildikdən dərhal sonra Azərbaycanda ordu quruculuğu istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsinə start verildi. Silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər az müddət sonra Qarabağ münaqişəsinin nikbin sonluğu ilə bağlı artıq heç bir şübhə yeri qoymamışdı”.
U.Mirzəyev qeyd etdi ki, İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər:
“Bütün bunlar bizi qələbəyə doğru aparırdı. Və 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Bu tarixi Qələbədən üç il sonra, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla Azərbaycan özünün ərazi bütövlüyünü və nəhayət sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirinin nəticəsi olaraq ölkənin bütün ərazisində suverenliyini tam bərpa etdi. Dünən Xankəndidə, Xocalıda dalğalanan Azərbaycan bayrağı bizi tam Zəfərlə müjdələdi. Bu gün mən fəxrlə, qürurla demək istəyirəm. Biz Azərbaycanıq, Biz Qarabağıq, Biz bütövük”.