Xəbərlər 17.03.2023 00:45 2482

Pilot layihələr tətbiq olunan siniflərdə “Açıq dərs”lər keçirilib - FOTO +VİDEO

Paytaxt məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş pilot layihələr tətbiq olunan siniflərdə “Açıq dərs”lər və “Ürəklərdə əbədi yaşayan insan” adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, Bakı şəhəri 114 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, BŞTİ-nin struktur bölmə rəhbərləri, Suraxanı RİH-in nümayəndələri, Təlimə Dəstək Mərkəzinin metodistləri, məktəbin direktoru, müəllim, şagird və valideynlər iştirak ediblər.

Qonaqlar öncə “Sağlam təhsil”, STEAM, “Rəqəmsal bacarıqlar” layihələri tətbiq olunan siniflərdə “Açıq dərs”ləri, həmçinin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Fövqəladə halların təsnifatı” mövzularına həsr olunan dərsləri izləyiblər. 

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ceyran Novruzova qonaqları salamlayıb və 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına və Ulu Öndərin zəngin irsinin əhatəli təbliğ edilməsinə geniş imkanlar yaratdığını qeyd edib.

BŞTİ müdiri Mehriban Vəliyeva çıxışı zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən təhsilin inkişafına xüsusi diqqət göstərildiyini, təhsil sahəsində mühüm islahatlar və layihələr həyata keçirildiyini qeyd edib.

İdarə müdiri Heydər Əliyevin elm, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı ilə bağlı məsələlərin həllinə həmişə yüksək həssaslıqla yanaşdığını, cəmiyyətin, xalqın rifahını elmin və təhsilin inkişafında gördüyünü şagirdlərin diqqətinə çatdırıb.

M.Vəliyeva Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin dövlətimizin inkişaf və tərəqqi yolunun etibarlı bələdçisi, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyi olduğunu vurğulayıb.

“Heydər Əliyev İli” çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələrində inkişafyönümlü və innovativ yanaşmaları əks etdirən layihələrin həyata keçirildiyini söyləyən M.Vəliyeva həmin layihələrin məktəblilərin gələcək nailiyyətlərinə müsbət təsir göstərəcəyinə inandığını qeyd edib. Bildirib ki, məktəbdə müşahidə olunan “Açıq dərs”lər onu göstərdi ki, “Sağlam təhsil“, STEAM, “Rəqəmsal bacarıqlar” və bu kimi maraqla qarşılanan layihələr üzrə qazanılan uğurlar yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır.

Tədbirdə çıxış edən Suraxanı RİH-in başçısı Ə.Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri V.Seyidov dərin zəkaya, siyasi uzaqgörənliyə və müdrikliyə, fenomenal yaddaşa, qətiyyət, cəsarət və humanizm kimi yüksək keyfiyyətlərə malik Dahi Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən layihələrin müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsinə çevriləcəyinə əminliklərini bildiriblər.

Sonra X sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyevə həsr olunan tarix fənni üzrə nümunəvi dərs təqdim olunub.

Tədbirdə şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər və mahnılar səsləndirib. Həmçinin Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı