“X” sosial şəbəkəsi Hindistanda iki ifadə azadlığı təşkilatının hesablarının bağlanması ilə bağlı polis əmrinin saxta olduğunu açıqlayıb. Şirkət bu barədə cümə günü Dehli Ali Məhkəməsinə məlumat verib.

QHT.az xarici mediaya istinadən bildirir ki, saxta əmrdə İnternet Azadlığı Fondu (IFF) və Hindistan Proqram Azadlığı Hüquq Mərkəzinin hesablarının silinməsi tələb olunub. Buna səbəb kimi təşkilatların hindu millətçi “Rashtriya Swayamsevak Sangh” qrupunu nüfuzdan salması göstərilib.

“X” şirkətinin vəkili bildirib ki, əmri göndərən şəxs özünü Dehli polisinin əməkdaşı kimi təqdim edən dələduz olub. Şirkət məsələ ilə bağlı daxili araşdırmaya başlayıb.

İfadə azadlığı müdafiəçiləri Hindistanda sərt məzmun məhdudiyyətlərinin müxalif səsləri susdurmaq üçün istifadə olunduğunu bildirirlər. Ölkə hakimiyyəti isə bu qaydaların qanunsuz və yanıltıcı məzmunla mübarizəyə xidmət etdiyini vurğulayır.

Qeyd edək ki, təşkilatlardan biri daha əvvəl məhkəməyə müraciət edərək sözügedən əmrlərin ləğvini tələb edib. Məsələ “Amnesty International” və Hindistanın əsas müxalifət partiyasının da etirazına səbəb olub.

Zəhra Mansırova