Çində bu ilin ilk 9 ayında qeydə alınan nikahların sayı son 18 ilin ən aşağı səviyyəsinə düşüb. Bu vəziyyət ölkədə doğum səviyyəsinin azalması və demoqrafik problemlərlə bağlı narahatlıqları artırıb.

QHT.az xarici mediaya əsasən bildirir ki, Mülki İşlər Nazirliyinin açıqladığı məlumatlara görə, yanvar-sentyabr aylarında ölkədə 4 milyon 650 min cütlük nikaha daxil olub, 2 milyon 80 min cütlük isə boşanıb. Yerli “Yicai” nəşrinin məlumatına görə, bu göstərici son 18 ilin ən aşağı səviyyəsidir.

Çin hakimiyyəti son illərdə nikah və uşaq sahibi olma səviyyəsini artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirib. Bu çərçivədə ailələrə maddi yardımların göstərilməsi, uşaq baxımı üçün dəstəyin artırılması və doğuşla bağlı tibbi xərclərin azaldılması istiqamətində addımlar atılıb.

Bununla yanaşı, gənclərin və ailələrin həyat şəraitini yaxşılaşdırmaq üçün mənzil, səhiyyə, təhsil və ictimai xidmətlər sahəsində əlavə imkanların yaradılması da nəzərdə tutulur.

Qeyd edək ki, Çinin əhalisi 2025-ci ildə ardıcıl dördüncü dəfə azalıb. Ölkədə doğum səviyyəsi rekord həddə enib. Demoqraflar bu azalmanın gələcək illərdə də davam edə biləcəyi barədə xəbərdarlıq edirlər.

Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, Çində 15-49 yaş aralığında olan qadınların sayı əsrin sonunadək üçdə ikidən çox azalaraq 100 milyondan aşağı düşə bilər.

Zəhra Mansırova