OVEP təlimi müəllimlərin fəal iştirakı və qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilib.
Olimpiya dəyərlərinin təhsil vasitəsilə təbliği sağlam, intizamlı və yüksək mənəvi keyfiyyətlərə malik nəslin yetişdirilməsində mühüm rol oynayır. Bu məqsədlə həyata keçirilən OVEP — Olimpiya Dəyərlərinin Tədris Proqramı çərçivəsində Bakı şəhəri 96 nömrəli tam orta məktəbdə də təlim təşkil olunub.
Təlimçi, “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Nərmin Kərimovanın rəhbərliyi ilə keçirilən təlimdə müəllimlər yüksək fəallıq nümayiş etdirib, müzakirələrdə iştirak edib və öz fikir və təcrübələrini bölüşüblər.
Təlim zamanı Olimpiya fəlsəfəsinin əsasını təşkil edən hörmət, dostluq və mükəmməllik dəyərlərinin məktəb mühitində tətbiqi, şagirdlərin şəxsiyyət kimi formalaşmasında idmanın tərbiyəvi əhəmiyyəti və müəllimlərin bu prosesdə rolu diqqət mərkəzində olub.
Müəllimlərin fəal iştirakı, mövzuya marağı və fikir mübadiləsinə açıq olması təlimin səmərəli keçməsinə şərait yaradıb. İştirakçılar Olimpiya dəyərlərinin şagirdlərə aşılanmasının yalnız idman sahəsi ilə məhdudlaşmadığını, bu prinsiplərin gündəlik məktəb həyatında, qarşılıqlı münasibətlərdə və sağlam rəqabət mühitinin formalaşmasında da mühüm əhəmiyyət daşıdığını bir daha vurğulayıblar.
Belə təlimlər müəllimlərin peşəkar inkişafına dəstək verməklə yanaşı, məktəblərdə əməkdaşlıq, qarşılıqlı hörmət və sağlam həyat tərzi mədəniyyətinin güclənməsinə də xidmət edir.
“Göyərçin” Təhsilin İnkişafına Dsətək İB sədri Nərmin Kərimova bildirib ki, müəllimlərin bilik və təcrübəsinin zənginləşdirilməsinə yönələn təşəbbüslər gələcək nəslin daha sağlam, fəal və məsuliyyətli vətəndaşlar kimi yetişməsinə töhfə verdiyinə inanırıq.
Olimpiya dəyərləri idman meydançasından başlayaraq məktəbdə formalaşır, həyat boyu davam edir!







