Quba rayonunun Zərdabi qəsəbəsində Vətən müharibəsi şəhidi Məhəmmədov Musa Bəhrəm oğlunun doğum günü münasibətilə keçirilən anım tədbiri böyük ehtiram və minnətdarlıq hissi ilə qeyd olunub. Tədbirdə şəhidin əziz xatirəsi yad edilib, məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq bir daha vurğulanıb.
Mərasimdə çıxış edənlər Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacağından bəhs ediblər. Şəhid Musa Məhəmmədovun keçdiyi şərəfli döyüş yolu, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi igidlik nümunəsi xüsusi ehtiramla xatırlanıb.
Tədbirin sonunda şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya, vətənpərvərlik dəyərlərinin təbliğinə, şəhidlərin xatirəsinin yaşadılmasına verdikləri töhfələrə görə bir sıra şəxslər “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Fəxri Diplomlarla təltif olunub.
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, onların ailələrinə göstərilən diqqət və qayğının yüksək qiymətləndirildiyini bildirir, Vətən uğrunda canından keçən bütün qəhrəman oğullarımızı dərin ehtiramla yad edir.












