Peşəkar hərbçi olan Elçin xidməti dövründə çox əhəmiyyətli əməliyyatlarda iştirak edib. O, kəşfiyyatçı olduğu müddətdə düşmən tərəfinə keçib və lazımı tapşırıqları yerinə yetirirmiş. Döyüş yoldaşları onu “Kəşfiyyatın vuran əli”, “Tənha canavar”, “Boz qurd” da adlandırıblar. 13 illik xidməti dövründə 6 medalla, dəfələrlə fəxri fərmanla təltif olunub. 2020-ci ilin yayında mayor rütbəsinə yüksəlib. Xatırladırıq ki, Elçin Elşən oğlu Mansurov 1984-cü il noyabrın 25-də Bakıda doğulub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindəndir.
Şəhidimizin anası Məleykə xanım: “Elçin hərbçi doğulmuşdu. O, uşaqlıqdan oyuncaq silahlar alırdı, məhəllədə uşaqlarla həmin silahlarla oynayırdı. Bir dəfə nəvəmin (böyük oğlumun oğlu) ad günü idi. Elçin ona da oyuncaq silah alıb doğum gününü təbrik etmişdi. Görünən o idi ki, bu insanın hobbisi silah idi. Elçinin silahlara, hərbə, döyüşə olan bu marağı yekunda onu hərbçi etdi. Beləliklə, o, orta məktəbi bitirən kimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək göstərici ilə qəbul oldu. Təhsilini bitirdikdən sonra təkmilləşdirmə kursları keçdi.
2007-ci il iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq kəşfiyyatçı kimi xidmətə başladı. Elçin sənətini də, əsgərlərini də sevirdi. Bir dəfə böyük oğlumun evindən qayıdırdıq. O, məni “Koroğlu” metrosunun yanından Binə qəsəbəsindəki evə yola salıb, özü isə Murova hərbi xidmət keçdiyi əraziyə gedəcəkdi. Elçin gedərkən bir torba müxtəlif dərmanlar aldı. Mən soruşanda bunları neynirsən? O, mənə bildirdi: “Yüksəklikdə oluruq, bəzən dava-dərmana ehtiyac yaranır”.
Elçinin qayğıkeşliyindən onun əsgərləri hər zaman elə sağlığında danışıb razılıq edirdilər. Əsgərləri danışır ki, bir dəfə Murovdağda xidmət zamanı ərzaq tükənmişdi. Həmin vaxt ərazidə möhkəm qar olub. Bu zaman Elçin çox çətin yollarla, qarlı, şaxtalı havada təkbaşına gedərək əsgərlərinin ərzağını gətirib.O, gedərkən hərbçi yoldaşları ona tək getməməyi tövsiyə ediblər. Lakin Elçin “Hər kəs yerində möhkəm dayansın”,– deyərək bu işi təkbaşına yerinə yetirib”.
Yenə Məleykə xanımın söhbətinə nəzər salaq: “Elçinin kəşfiyyatçı kimi fəaliyyəti haqqında ara-sıra eşidirdim. Bir gün böyük oğlum mənə dedi ki, ermənilər Elçinin başına pul qoyublar. Onun düşmənə vurduğu sarsıdıcı zərbələr qarşı tərəfi təşvişə salmışdı. Hətta bizim xəbərimiz olmadan Elçin 2016-cı il məlum Aprel döyüşlərinin iştirakçısı olub. O, bizə Aprel döyüşlərindəki iştirakı haqqında heç nə demirdi. Onun həyatı təlimlərdə, döyüşlərdə keçirdi”.
Ailə həyatı qurmağa zaman tapa bilməyən komandir
Məleykə xanımın xatirələri bitib-tükənmir: ”Elçinin sevdiyi qız vardı. Ona üzük alıb bağışlamışdı. İmkan, vaxt tapıb onunla ailə həyatı qura bilmədi. 2019–2020-ci il pandemiya düşməsəydi Elçin məzuniyyətə çıxıb evə gələcəkdi. Amma çıxa bilmədi. Telefonla “Ana, pandemiyaya görə, məzuniyyətə icazə verilmir”,-dedi. 2020-ci ilin sentyabr ayı idi. Mən rayondaydım. O, həmin gecə görüntülü zəng etmişdi. Ev qaranlıq idi. Mənə dedi ki, ana, evin işığını yandır. Mən işığı yandırdım. Biz xeyli görüntülü danışdıq. Dedi: “Sənin üzünü görmək istəyirəm, ana”. Deməli, o, bizimlə vidalaşırmış. Bu, bizim son danışığımız oldu. Sonradan İkinci Qarabağ müharibəsi başladı və mənim oğlum döyüşlərdə böyük qəhrəmanlıqlar göstərərək şəhid oldu”.
Xatırladırıq ki, Vətən müharibəsində Elçinin komandirliyi altında 24 nəfərlik qrupdan ibarət heyət düşmən postunu ələ keçirib. 30 ildən sonra azad olunmuş mövqeyə bayrağımızı sancıb. Döyüş yoldaşları Elçin haqqında deyir ki, filmlərdə gördüyümüz o döyüş səhnələri yalan idi, Elçin pələng kimi vuruşurdu. Özü yaralı ikən o, döyüş meydanından 12 yaralı əsgəri xilas etməyi bacarmışdı. Amma bir az sonra özü yenidən düşmən snayperinin hədəfinə tuş gəlir. Bu döyüşlərdə mayor Elçin Mansurov snayperdən açılan atəş nəticəsində şəhid olub. İkinci Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elçin Mansurov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
“Ermənilər tez-tez təxribata əl atırdılar. Düşmənin belə hücumlarının qarşısını almağı hər dəfə Elçinə və onun tabeliyindəki şəxsi heyətə tapşırılırdı. Bütün tapşırıqlara şəxsən özü başçılıq edirdi və ermənilərə layiqli cavab verirdi”.
Bu fikirləri qazi, ehtiyatda olan mayor İlkin Ziyadov bildirib. O, şəhidimizlə bağlı çox maraqlı xatirələri danışır: “Elçin haqqında danşmaq mənim üçün həm qürurludur, həm də kədərlidir. Peşəkar zabitdə olan bütün xüsusiyyətlər onda cəmlənmişdi. İnsan kimi dəyərli insan, Vətən sevdalısı, mükəmməl silahdaş, yaxşı dost idi. İstər silahdaşları, istərsə də dostları üçün canından və malından keçməyə hazır olan şəxsiyyət idi. Elçın haqqında çox danışmaq olar. Mən Elçini tanıyanda baş leytenant, kəşfiyyatın tağım komandiri idi. Bütün verilən tapşırıqların öhdəsindən layıqincə gəlirdi. Elçinlə eyni rayondan olduğumuz üçün münasibətimiz daha yaxşı idi. Xidmətdən kənar vaxtlarda Elçin mənə “dayı” deyərək müraciət edirdi. Onunla Tovuz rayonunda xidmət etmişik. Ən çətin, ən təhlükəli tapşırıqlar zamanı öndə özü gedirdi. Fiziki cəhətdən çox güclü idi. Mükəmməl kəşfiyyatçı idi, qorxunun nə olduğunu bilməzdi. Bir dəfə bu barədə onunla fərdi söhbət etdim və ona özünü qorumağı, hara gəldi atmamağı tapşırdım. O, gülümsəyərək belə dedi: “Dayı, mən niyə qorxuram? Qoy düşmən məndən qorxsun. Belədə də bir canımız var, o da bu Vətənə fəda olsun!”. Bir gün yuxarı komandanlıq tərəfindən bizə kəşfiyyat məlumatı verildi ki, olduğumuz tabor istiqamətində düşmən bizim arxa bölmələrimizə sızıb və orada təxribat törədəcək. Bu məlumatda iki istiqamət göstərilmişdi. Mən bu istiqamətləri dəyərləndirdim. Düşmənin daha çox sızma istiqamətinə özüm 7 nəfərlə getdim, digər istiqamətə isə Elçin Mansurovu tabeliyində olan hərbçilərlə göndərdim. Elçini başqa istiqamətə göndərmə səbəbim onu qorumaq idi. Bəli, dəyərləndirməmdə yanılmamışdım. Gecə saat 3-ə, təxminən, 15 dəqiqə işləmiş müşahidədə olan hərbçimiz mənə yaxınlaşaraq düşmən tərəfdən bizim istiqamətə bir qrup hərbçinin yaxınlaşdığını məruzə etdi. Bu zaman mən rabitə vasitəsilə əvvəlcə Elçindən, sonra da digər bölmələrimizdən vəziyyət haqqında soruşdum. Hamısı “Sakitlikdir”, – deyə cavab verdilər. Diqqətli olmalarını tapşırdım və danışığı sonlandırdım. Sonra yanımda olan hərbçilərə düşməni bir qədər də yaxına buraxıb atəş əmrimi gözləmələrini tapşırdım. Nəhayət, düşmənlə atışmamız başladı. Düşmənin dəstək bölməsi və arxada olan dəstələri hamısı bizi atəşə tutmuşdu. Mərmi üzərimizə yağış kimi tökülürdü. Biz öndə olduğumuza görə atəş altında öz mövqeyimizə qayıtmaq çox təhlükəli idi. Elçin mənimlə rabitə ilə əlaqəyə çıxdı.
Atışmanın biz tərəfdə olduğunu bildiyinə görə yerimizi soruşdu. Mən yerimizi dedim. Sonra onun tərəfdə vəziyyətin necə olduğunu soruşdum. O, tam sakitlik olduğunu dedi. Atışma get-gedə daha da qızışırdı. Elçinlə bizim aramız, təxminən, 2 km-ə yaxın idi. Ərazi dağlıq idi. Hardasa, yarım saatdan sonra bizim olduğumuz mövqeyin sağ tərəfindən düşmənə atəş açıldığını gördüm. Bu zaman digər istiqamətdən gələn Elçin “Bizik”, – deyə cavab verdi. Həmin gün Elçin mənim və 7 nəfərin həyatını xilas etdi. Düşmən itki verərək geri çəkildi. Xoşbəxtlikdən həmin gün bizdən heç kimə heç nə olmamışdı. Hava işıqlaşanda öz mövqeyimizə çəkildik. Tam əminlikdən sonra daim olduğumuz yerə qayıtdıq. Piyada gəlirdik. Yolda Elçindən niyə öz yerini tərk etdiyini soruşdum. O, gülərək “Dayı, guya mən bilmədim məni ora niyə göndərdin?”, dedi. – “Sən əvvəlcədən bilirdin ki, ordan heç kim gəlməyəcək.” Mən yenə ona ehtiyatlı olmağı xatırlatdım. O, “Heç nə olmaz” dedi. Zarafat edə-edə gəlirdik. Söhbət əsnasında Elçindən niyə evlənmədiyini soruşdum. Elçin isə “Biz hərbçilərin sonu ya şəhid, ya da qazidir, istəmirəm övladım atasız qalsın”, – deyə cavab verdi.
“Qismətimizdə nə varsa o da olacaq. Bir də ki şəhid və ya qazi övladı olmaq şərəfdir” dedim. Sonra ikimiz də susduq. Sanki Elçinin ürəyinə dammışdı şəhid olacağı. Elçin özündən sonra atasız övlad qoymasa da, gözüyaşlı ana, bacı, qardaş və onu daim xatırlayıb qəlblərində yaşadacaq dostlar buraxdı”.
Sonda şəhidimizin qardaşı Rövşən Mansurlu: "Elçin ətrafındakılara həmişə diqqətlə qayğıyla yanaşırdı. Heç vaxt öz problemini Elçin deməzdi, amma hamıya can yandırardı. Ən böyük arzusu elə hərbçi olmaq idi. Uşaqlıqdan onda bu peşəyə maraq yaranmışdı. Hərbçi olduqdan sonra isə həmişə deyərdi ki, Qarabağ problemi həll olunsun, ailə həyatı qurub, təqaüdə çıxaraq, kəndimizdə sakit həyat yaşayacağam".
Məşhur filosof Fridrix Nitşe deyib: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır”. Gerçəkdən 44 günlük Vətən müharibəsində şəhidlərimiz, qazilərimiz sözün əsl mənasında tarix yaratdılar. Biz bu kitabı yazarkən həmin şəxsiyyətlərin yazdıqları tarixi bir daha nəzərdən keçirməyə çalışdıq.
Əkrəm Bəydəmirlinin müəllifi olduğu "Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir" kitabından












