"Məktəbdə hamı eyni idi. Varlı-kasıb, dindar-dinsiz deyə kimsə bir-birindən fərqləndirilməzdi. Hamı eyni partada oturar, eyni qaydalarla oxuyar, eyni məktəb formasını geyinərdi. Heç kimin geyiminə, ailəsinin maddi vəziyyətinə görə uşaqlar arasında ayrı-seçkilik qoyulmazdı".

QHT.az xəbər verir ki, bu fikirləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova söyləyib.

S.Kərimovanın sözlərinə görə, məktəb yalnız bilik öyrənilən məkan deyil, həm də bərabərlik, intizam, dostluq və birgəyaşayış dəyərlərinin formalaşdığı yerdir.

Səbinə Kərimova bildirib ki, məktəbli forması şagirdlər arasında fərqlərin azalmasına xidmət edir:

"Məktəbli forması uşaqlar arasında görünən maddi fərqləri azaldır, onlara eyni kollektivin üzvü olduqlarını hiss etdirir. Hər kəs öz inancını, düşüncəsini ailəsində və şəxsi həyatında yaşaya bilər. Amma məktəbdə hamını birləşdirən ortaq dəyərlər, qaydalar və məqsədlər olmalıdır".

S.Kərimova vurğulayıb ki, məktəb ayrı-seçkiliyin deyil, bərabərliyin; fərqliliklərin nümayişinin deyil, ortaq dəyərlərin ünvanı olmalıdır.

Səbinə Kərimova qeyd edib ki, məktəbin bu ruhda qorunması vacibdir:

"Biz məktəbi belə tanımışıq, belə xatırlayırıq və gələcək nəsillərin də məktəbi bu ruhda görməsini arzulayıram!"