"Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində müəllimlər və şagirdlər üçün geyim qaydaları ilə bağlı qərarından sonra sosial şəbəklərdə bu məsələ ətrafında geniş müzakirələr aparılır, hər bir vətəndaş məsələyə hüquqi və dini baxımdan münasibət bildirir".
QHT.az xəbər verir ki, bu fikirləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.
H.Səfixanovun sözlərinə görə, Azərbaycan Konstitusiyası dinin dövlətdən ayrılığını və təhsil sisteminin dünyəvi xarakterini təsbit edir:
“Bizim Konstitusiyada qeyd olunub ki, din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda Konstitusiyada o da qeyd olunur ki, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Məlum qərarla da müəllimlər və şagirdlər üçün geyim normaları müəyyənləşdirilir”.
Hafiz Səfixanov bildirib ki, bəzi dövlətlərin, xüsusilə də İranın siyasi və dini dairələri bu qərardan ölkəmizə qarşı kampaniya aparmaq üçün istifadə edirlər:
“Bu qərarın əhəmiyyətini öz bildikləri kimi yozmağa çalışan bəzi dövlətlərin, xüsusilə də İranın siyasi və dini dairələri bu qərardan ölkəmizə qarşı çirkin kampaniya aparmaq üçün istifadə etməyə başlayıblar, buna sübut kimi artıq onların son günlərdəki mətbuatına baxmaq kifayətdir. Belə məlumatların yayılması ölkəmizin ideoloji dayaqlarını sarsıtmağa, əhalinin dindar kəsimi ilə dövləti üz-üzə qoymağa yönəlib. Artıq bu gün sosial şəbəkələrdə yayılmağa başlayan kadrlara baxanda dediklərimin doğru olduğu görünür. Bəzi məktəblərin şüşələrinin sındırılması, Qaradağ rayonunda məktəb direktorunun avtomobilinin yandırılması buna sübutdur. Belə davam edərsə, asayişi, qanunu pozanlara qarşı DİN tərəfdən yenə də müdaxilələr ola bilər. Təhlükəsizlik məsələlərini, təhlükə və təhdidləri nəzərə alaraq əvvəllər bəzi ölkələrin təcrübəsində də müəyyən bu tip qərarlar qəbul edilib”.
Müsahibimiz vurğulayıb ki, xalqımız uzun mübarizələrdən sonra milli dövlətini, ərazi bütövlüyünü və suverenliyini bərpa edib:
“Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Xalqımız uzun mübarizələrdən, minlərlə şəhidlər verdikdən sonra milli dövlətini, ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilib. Bizim dövlət müstəqilliyimiz olmasa heç nəyimiz o cümlədən də dini etiqad azadlığımız olmayacaq, keçmiş sovet dövrünü xatırlayaq və bunu unutmayaq”.
H.Səfixanovun sözlərinə görə, dini etiqad azadlığı və dini ibadət yerlərinin fəaliyyəti ölkənin müstəqilliyinin nəticəsidir:
“Müstəqilliyimizin nəticəsidir ki, ölkəmizin hər yerində məscidlər tikilir və bərpa olunur, hər bir şəxs öz etiqad etdiyi dinə uyğun yaşaya bilir”.
Hafiz Səfixanov qeyd edib ki, övladları təhsil alarkən dini cərəyanların təsirində olan müəllimlərlə bağlı problemlə üzləşib.
Müsahibimiz ailəsinin İslam ənənələrinə bağlı olduğunu və dini ziyarətlərin ailəsində xüsusi yer tutduğunu bildirib:
“Rəhmətlik anam 50 ilə qədər müəllim olub, İslam dünyasının 3 müqəddəs məkanını (Məkkə, Kərbala, Məhşəd) ziyarət edib. Qardaşlarım Həcc ziyarətində olublar. Ailəmiz İslam qaydalarına uyğun bütün bayramları qeyd edir”.












