Bananı 30 saniyə yumaq evdə meyvə milçəklərinin çoxalmasının qarşısını ala bilər
Evdə meyvələrin ətrafında yaranan xırda milçəklər, xüsusilə isti havalarda, tez-tez rast gəlinən problemlərdəndir. Mütəxəssislərin diqqət çəkdiyi sadə üsullardan biri isə bananların evə gətirildikdən sonra 30 saniyə ərzində yuyulmasıdır.
QHT.az xarici mediaya istinadən bildirir ki, meyvə milçəkləri yetişmiş və çürüməyə başlayan meyvələrin üzərinə qonaraq qida mənbəyi tapır və sürətlə çoxalırlar. Bananların qabığında qalan üzvi qalıqlar və meyvə qalıqları da bu həşəratları cəlb edə bilər.
Bananların axar su altında təxminən 30 saniyə yuyulması qabığın səthindəki çirkləri və mümkün həşərat yumurtalarını uzaqlaşdırmağa kömək edə bilər. Yuyulduqdan sonra meyvələrin qurudulması və düzgün saxlanılması da vacib hesab olunur.
Bununla yanaşı, mütəxəssislər mətbəxdə təmizliyə riayət etməyi, yetişmiş meyvələri uzun müddət açıq saxlamamağı, zibil qabını mütəmadi boşaltmağı və meyvə qalıqlarını dərhal təmizləməyi tövsiyə edirlər.
Qeyd edək ki, bananların yuyulması meyvə milçəklərinin yaranmasının qarşısını tamamilə alan üsul deyil. Lakin digər gigiyena tədbirləri ilə birlikdə onların çoxalma riskini azaltmağa kömək edə bilər.








