BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) ərzaq təhlükəsizliyi əsas müzakirə mövzularından biri olacaq. İqlim dəyişiklikləri nəticəsində yaranan quraqlıq, yüksək temperatur və münaqişələr kənd təsərrüfatına, ərzaq istehsalına və insanların qida təminatına ciddi təsir göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki, COP31-ə ev sahibliyi edən Türkiyə və Avstraliya ərzaq təhlükəsizliyini konfransın əsas gündəm mövzularından biri kimi müəyyən ediblər. Ümumdünya Ərzaq Proqramının (WFP) proqnozuna görə, El-Ninyo iqlim hadisəsinin güclənməsi və ekstremal hava şəraiti səbəbindən gələn ilin sonuna qədər daha 49 milyon insan kəskin ərzaq təhlükəsizliyi problemi ilə üzləşə bilər.

Ekspertlər COP31-in bu sahədə real dəyişikliklər yaradıb-yaratmayacağı barədə fərqli fikirdədirlər. Əsas məqsəd illərdir verilən iqlim öhdəliklərini konkret tədbirlərə çevirmək, fermerlərə dəstək göstərmək, kənd təsərrüfatında itkiləri azaltmaq və ərzaq təminatını gücləndirməkdir.

Konfransın nəticəsi hökumətlərin qəbul edilən qərarları nə dərəcədə həyata keçirəcəyindən və xüsusilə iqlim dəyişikliklərindən zərər çəkən ölkələrə real dəstək göstərməsindən asılı olacaq.