Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması məsələləri diqqət mərkəzində olacaq. Konfransda iqlim böhranının qlobal ərzaq təminatına təsiri və bu sahədə beynəlxalq dəstəyin artırılması müzakirə ediləcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, kənd təsərrüfatı və ərzaq sistemləri insanların yaratdığı istixana qazı emissiyalarının təxminən üçdə birini təşkil etsə də, dövlətlərin iqlim sahəsinə ayırdığı maliyyənin 5 faizindən az hissəsini əldə edir. Bu vəziyyət iqlim dəyişiklikləri ilə mübarizədə ərzaq sistemlərinə daha çox diqqət ayrılmasının vacibliyini göstərir.
Ümumdünya Ərzaq Proqramının (WFP) proqnozuna görə, münaqişələr, humanitar yardımların azalması və güclənən El-Ninyo hava hadisəsi səbəbindən növbəti il daha 49 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər.
COP31 çərçivəsində ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələrin geniş işıqlandırılması və kənd təsərrüfatı sahəsində mövcud problemlərin həlli yollarının araşdırılması nəzərdə tutulur. Konfransda əsas diqqət iqlim öhdəliklərinin real dəstəyə çevrilməsinə və ərzaq sistemlərinin dayanıqlılığının artırılmasına yönələcək.








