“Ucuz kreditlərin real sektora yönəldilməsi ixracı artıracaq, idxalı isə azaldacaq” - AÇIQLAMA
İqtisadçı-ekspert Aslan Əzimzadə QHT.az-a açıqlamasında bildirib ki, ixrac potensialının artırılması eyni zamanda idxaldan asılılığın azalmasına xidmət edir.
Onun sözlərinə görə, bu istiqamətdə bank sektoru əsas həlledici rol oynamalıdır:
"İlk olaraq qeyd etmək lazımdır ki, ixrac potensialının yüksəldilməsi, təbii ki, idxal riskinin azaldılmasını da özündə ehtiva edir. Bunun üçün banklar açar rol oynamalıdır. Banklar iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməli və sektorlara aşağı faiz dərəcəsi ilə maliyyə axınını təmin etməlidir. Faiz dərəcələri sektorların rentabellik dərəcəsinə uyğun olaraq tənzimlənməli və nəzarət edilməlidir ki, banklardan götürülən kreditlər həqiqətən də real iqtisadiyyata yönəldilsin. Bu halda yerli istehsal inkişaf edəcək və bununla da, bir tərəfdən ərzaq təhlükəsizliyi təmin olunacaq (xüsusilə kənd təsərrüfatı və yüngül yeyinti sənayesi sektorlarında), digər tərəfdən isə idxal minimuma endirilərək ixrac potensialı artırılacaq."
İqtisadçı sonda vurğulayıb ki, iqtisadi siyasətdə çevik yanaşma və real sektorun maliyyələşdirilməsi ölkənin iqtisadi dayanıqlığını və rəqabətqabiliyyətini gücləndirəcək:
"Qeyd olunmalıdır ki, bu gün bank sektoru iqtisadi elmin bərkiyib qalınmış doqmalarına əsaslanaraq, ucuz maliyyə axınının real iqtisadiyyata yönəlməsinə qarşı çıxır və belə bir hipotez irəli sürür ki, pul kütləsinin artması ölkədə inflyasiya yarada bilər. Halbuki, əgər pul kütləsi real iqtisadiyyata, yəni real istehsala yönəlirsə, bu zaman inflyasiya baş vermir. Əksinə, deflyasiya belə müşahidə oluna bilər. Bu kontekstdə düşünürəm ki, xüsusilə kənd təsərrüfatı və sənaye sektorlarında ucuz maliyyə və kredit axınlarının təmin edilməsi Azərbaycanın ixrac potensialına müsbət təsir göstərə bilər."
Pərvanə Fərhadqızı
QHT.az