Xəbərlər 30.04.2025 08:20 209

“Konstitusiya” Araşdırmalar Fondu ilə Suriya türkmənləri arasında əməkdaşlıq sənədi imzalanıb - FOTOLAR

Bakıda baş tutan Qlobal Cənub QHT Platformasının Təsis Konfransı çərçivəsində növbəti əlamətdar addım atılıb. “Konstitusiya” Araşdırmalar Fondu ilə Suriya “Türkmənlərin Assosiasiyaları Federasiyası” arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd tərəflər adından müvafiq olaraq Fondun prezidenti Əliməmməd Nuriyev və Federasiya rəhbəri Tarik Cevizci tərəfindən təsdiqlənib.

QHT.az xəbər verir ki, bu barədə Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, yalnız hüquqi əməkdaşlıq sənədi olmaqla kifayətlənməyən bu memorandum, həm də Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyətləri arasında həmrəyliyin, sosial ədalətə və qarşılıqlı etimada əsaslanan münasibətlərin simvoludur:

"Sənədin əsas məqsədi sosial, hüquqi, ictimai və strateji sahələr üzrə qarşılıqlı dəstək göstərmək, birgə layihələr həyata keçirmək və resurs paylaşımı vasitəsilə vətəndaş cəmiyyəti institutlarının inkişafına töhfə verməkdir. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində tərəflər gənclərin liderlik potensialının artırılması, hüquqi maarifləndirmə, sosial problemlərin icma əsaslı həlli və QHT-lərin institusional gücləndirilməsi istiqamətlərində birgə fəaliyyət göstərəcək. Bu sənədin imzalanması, Bakıda keçirilən Qlobal Cənub Konfransının məqsədləri ilə tam uzlaşır. Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarından olan QHT-ləri bir araya gətirən bu konfrans, planetin müxtəlif bölgələrindən olan vətəndaş cəmiyyəti institutlarının daha ədalətli və bərabərhüquqlu əməkdaşlığa yönəlmiş yeni modelinin əsasını qoyur. Azərbaycan isə bu prosesdə həm coğrafi, həm də dəyərlər baxımından körpü rolunu oynayır. “Konstitusiya” Araşdırmalar Fondunun platformadakı aktiv iştirakı və Suriya türkmən cəmiyyətinin əsas təşkilatı ilə birbaşa əməkdaşlığı, Azərbaycanın təkcə regional deyil, həm də qlobal səviyyədə vətəndaş həmrəyliyi, sülh və inkişaf istiqamətində təşəbbüslərə verdiyi önəmi bir daha nümayiş etdirir".

Əliməmməd Nuriyev həmçinin bildirib ki, bu mühüm təşəbbüs bir daha sübut edir ki, vətəndaş cəmiyyətləri yalnız yerli sosial məsələlərlə məşğul olan qurumlar deyil, eyni zamanda xalqlararası dialoqun və beynəlxalq münasibətlərin formalaşmasında fəal iştirak edən mühüm aktorlardır:

"Qlobal Cənub ölkələrinin birgə səyləri, dünya nizamında daha ədalətli və inklüziv yanaşmanın təşviqinə imkan yaradır. Konfransın təşkilində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Milli QHT Forumuna və tədbirin uğurla keçirilməsində əməyi olan bütün tərəfdaşlara təşəkkürümüzü bildiririk. Bu platforma, ölkələr və xalqlar arasında vətəndaş cəmiyyəti körpülərinin qurulmasında yeni bir mərhələnin əsasını qoyur və biz bu tarixi prosesin fəal iştirakçısı olmaqdan böyük qürur hissi duyuruq".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı