Gələcəkdə Yer okeanları bənövşəyi rəngə çevrilə bilər: elm adamları
3,8 milyard il əvvəl okean suları yaşıl idi.
QHT.az xəbər verir ki, Yaponiyanın Naqoya Universitetinin alimləri okean sularının bir vaxtlar yaşıl olduğunu müəyyən ediblər. Onlar İvo Jima vulkanik adası ətrafında suyun yaşıl rəngdə olduğunu müşahidə edərək, qədim dövrdə dəmir zənginliyinə görə su orqanizmlərinin fotosintez üçün dəmirdən istifadə etdiyini bildiriblər. Araşdırmada qeyd olunur ki, Arxey dövründə (təxminən 3,8–1,8 milyard il əvvəl) Yer okeanlarında oksigen yox idi və fotosintez edən siyanobakteriyalar elektron mənbəyi kimi dəmirə üstünlük verirdilər. Onların ifraz etdiyi oksigen isə sonradan Yer üzündə mürəkkəb həyatın yaranmasına səbəb olub.
Alimlər qeyd edirlər ki, bu orqanizmlərdə işığı tutmağa kömək edən fikoeritrobilin adlı piqment olub və bu da suyun yaşıl rəngdə görünməsinə səbəb olub. Gələcəkdə okeanlar bənövşəyi və ya qırmızı rəngə çevrilə bilər. Bu, həm Günəşin parlaqlaşması, həm də suyun kimyəvi tərkibindəki dəyişikliklərlə əlaqələndirilir.
R.İmanov