1 Aprel – Beynəlxalq Quşlar Günü: QHT sədrindən AÇIQLAMA
Bu gün 1 Aprel – Beynəlxalq Quşlar Günü münasibətilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlama verib.
QHT sədri quşların ekosistemdə oynadığı mühüm rola və onların qorunmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, dünyada 10.800-dən çox quş növü mövcuddur və bu canlılar ekoloji tarazlığın qorunmasında əhəmiyyətli rol oynayır. Quşlar bitkilərin tozlanmasına, toxumların yayılmasına və digər canlılar üçün qida mənbəyi olmasına görə ekosistemin ayrılmaz hissəsidir. Lakin iqlim dəyişikliyi, yaşayış yerlərinin azalması və qanunsuz ovçuluq quş növlərinin azalmasına səbəb olur:
"Hazırda dünyada təxminən 1.600 quş növü yox olmaq təhlükəsi ilə üz-üzədir. Okean cərəyanlarının istiqamətləri və vaxtı dəyişdikcə, İslandiyada və ya Şotlandiya sahillərində yetişən quşlar, balıq populyasiyalarının kifayət qədər olmaması səbəbindən aclıqdan ölür və xəstələnirlər. Körpələrini qidalandıra bilmirlər. Nəticədə kütləvi ölümlər səbəbindən yoxa çıxırlar. Bu, hazırda kritik səviyyədədir vgə bu isə artıq bizləri narahat edən məsələdir. Çünki dəniz quşlarının sayı ciddi şəkildə azalır. Quşları öyrənən ayrıca elm sahəsi yaradılmışdır ki,bu elm ornitalogiya adlanır. Məhz təsadüfü deyil ki, hər il aprelin 1-i “Beynəlxalq quşlar günü”kimi qeyd edilir. Ekosistemimiz üçün quşların qorunması vacib məsələdir. Quşların qorunması üçün dövlət tədbirləri həyata keçirilməlidir. Bu tədbirlər sırasında yerli qanunvericiliklərlə yanaşı beynəlxalq öhdəliklər də əsasdır. Dövlət tərəfindən ekosistemi qorumaq üçün bir çox quşların ovlanması və onlara hər hansı zərərin vurulması qəti qadağan edilmişdir. Bu istiqamətdə quşların qorunması üçün respublika ərazisindəki ayrı-ayrı su hövzələri və digər yerlərdə quşların ovlanması qadağan edilərək qoruq zonları yaradılmışdır. Bu ərazilərə misal olaraq Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli parklarını göstərmək olar".
İradə Həsənova bildirib ki, quşların qorunması üçün yalnız yerli qanunvericilik deyil, beynəlxalq öhdəliklər də əsas götürülməlidir. O, hər kəsi ekosistemin və quşların mühafizəsinə dəstək olmağa çağırıb:
"Hazırda Azərbaycanda quşlar üçün əsas təhlükə yaşayış yerlərinin azalması (meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi,adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılmasını göstərə bilərik. Quşlar Azərbaycanın sərvətidir, onları qorumaq və daha da artırmaq üçün bütün mümkün imkanlardan istifadə etmək lazımdır.Quşlar təbiətin həkimləri rolunu onayır. Onların varlığı insanların təbiətə ümumilikdə canlı aləmə bağlılığını daha da möhkəmlədir. Quşlar insanlarda mərhəmət və humanizm duyğuları belə aşılayır.Bu gün təbiət qoynuna hara getsək hər yerdə zibillə rastlaşırıq. Əgər yaşadığımız planetdəki həyatla bir olduğumuzu unutsaq, bu dəyişikliklər yaxın gələcəkdə hamımıza ciddi təsir göstərəcək. Təbiətin canlılarını qorumaq hər birimizin borcudur".
Pərvanə Fərhadqızı
QHT.az