“Yüksəkliyin Heydər Əliyev zirvəsi” - QHT sədri yazır
Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik, dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir. Nəinki Tarixin yaddaşında, həm də insanların yaddaşının arxivində əbədi iz qoymaq hər insana nəsib olmayan xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşür. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Ulu Öndər insanların həyat yoluna işıq saçdı. Hər kəsin qəlbində özünə yer tapdı. Onun uşaqla -uşaq, böyüklə -böyük olması, qəlbindəki vətən sevgisi, xalq sevgisi, İnsanlıq zirvəsinə ucaltdı Heydər Əliyev zirvəsini. O zirvədə “Heydər xalq-xalq Heydər” birliyi vardı, dəmir yumruğun təməli vardı, bütöv Azərbaycanın qoxusu vardı, O zirvədə “Qarabağ Azərbaycandır!” nidasının sorağı vardı, Xarıbülbülün xoşbəxtlik saçan ətri vardı.
Əbədi Ölümsüzlük qazanan Dahi şəxsiyyət..
12 dekabr 2003-cü il, bu tarix həm də insanın necə ölümsüz ola biləcəyini göstərən tarix oldu. Bəli, itirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytaran, son nəfəsinədək yalnız Azərbaycanı, özündən sonra ona güvənən millətin taleyini kimə həvalə edəcəyini düşünən Öndərimiz H.Ə.Əliyev son vəzifəsini də layiqincə yerinə yetirdi. Azərbaycana İlham Əliyev kimi lider bəxş etdi.
Müstəqil Azərbaycanın inkişafında Ulu Öndərin siyasi xətti həmişə davam edib. Bu konsepsiya bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyevin istedadlı gənclərə və mədəni irsimizə verdiyi dəstək
Heydər Əliyev, Azərbaycanın müstəqillik dövründə həm dövlətin inkişafını, həm də cəmiyyətin intellektual potensialını gücləndirmək üçün çoxsaylı mühüm islahatlar həyata keçirmişdir. Onun rəhbərliyi ilə, xüsusilə gənclərin inkişafı və istedadlı insanların dəstəklənməsi sahəsində bir sıra strateji addımlar atılmışdır. Ümummilli lider, gənclərin təhsilinə və elmi fəaliyyətinə xüsusi önəm vermiş, onları öz potensiallarını reallaşdırmağa təşviq etmişdir. Heydər Əliyevin bu sahədəki dəstəyi nəticəsində ölkədə bir çox yeni təhsil müəssisələri və elmi tədqiqat institutları yaradılmış, eyni zamanda xarici təhsil və əməkdaşlıq imkanları genişlənmişdir. Liderin mədəni irsimizə, milli kimliyimizə və təhsilimizə verdiyi önəm bu gün də davam edir. O, həmçinin gəncləri yüksək ideallar uğrunda mübarizəyə, vətən sevgisinə və milli dəyərlərimizə sadiq olmağa çağırmışdır.
Bu gün də Heydər Əliyev tərəfindən qoyulmuş təhsil və gənclər siyasəti Azərbaycanın inkişafında əsas hədəflərdən biridir. Müstəqilliyimizin ilk illərindən etibarən bu siyasət uğurla davam etdirilməkdədir. Hazırda gənclərin inkişafı və istedadlı insanların dəstəklənməsi istiqamətində bir çox proqramlar və layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin davam etdirilməsi məqsədilə gənclər siyasəti, elm və təhsil sahəsində islahatlar və yeni təhsil müəssisələrinin yaradılması kimi əhəmiyyətli addımlar atılır. Gənclərin təhsili, mədəniyyətin inkişafı və istedadlı şəxslərin dəstəklənməsi istiqamətində böyük layihələr həyata keçirilir, müxtəlif beynəlxalq tədbirlərdə iştirakları təmin edilir. “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi olaraq istedadlı gənclərin inkişafı istiqamətində həyata keçirdiyimiz bir çox layihələr də məhz dövlətimizin gənclər siyasətinin davamıdır. Dövlətin dəstəyilə icra olunan bu layihələr istedadlı uşaq və gənclərin inkişafına və tanıdılmasına dəstək olur.
Beləliklə, Heydər Əliyevin gənclərə və mədəni irsə verdiyi dəstək bu gün də öz müsbət təsirini göstərir və ölkənin gələcək inkişafında mühüm rol oynayır. Gənclərin inkişafı və istedadlı insanların təşviq edilməsi sahəsində atılan addımlar, Azərbaycanın müstəqil inkişafının təmin olunmasına yönəlmiş mühüm bir strateji siyasətdir.
Uzaqgörən siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri, Heydər Əliyevə İtirilməkdə olan Azərbaycanı azərbaycanlılara qaytardığı üçün hər zaman minnətdar olacağıq. Həm də hər zaman ona görə minnətdar olacağıq ki, memarı olduğu Azərbaycan etibarlı əllərdədir, dövlətimiz bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da qüdrətlənib, daha da gözəlləşib.
Müstəqil Azərbaycanın qurucusu, memarı, Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev hər zaman qəlbimizdə yaşayacaq. Heydər Əliyevin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir” kəlamı bu gün də öz qüvvəsini saxlayır. Bu gün Heydər Əliyevin getdiyi haqq yolunu, ədalər yolunu, onun layiqli davamçısı gedir, və bu yolda hər birimiz dəmir yumruq kimi birləşərək dövlət başçımızın ətrafında sıx birləşmişik.
Vüsalə Sadıqova (Qələndərli)
“İstedadları Tanıyaq və Tandaq” İctimai Birliyinin sədri